İslam aləmində on bir ayın sultanı hesab edilən Ramazan ayı artıq neçə illərdir ki, Azərbaycanda da böyük sevinc və coşqu ilə qeyd olunur. Əslində, bir müddət azərbaycanlıların bu müqəddəs ayı istədikləri sevgi və məhəbbətlə qeyd edə bilməmələrinə səbəb işğalçı SSRİ rejimi olmuşdur. Belə ki, 1920-ci ildə Azərbaycanı işğal edərək müstəmləkə halına gətirən Sovet Rusiyası Azərbaycan türklərinin dini inancına qarşı radikal addımlar atmışdır. Xüsusilə, xalq arasında geniş qeyd edilən milli və dini bayramları yasaqlamağa çalışan SSRİ rejiminin hədəfləri sırasında Ramazan ayında qeyd edilən orucluq bayramı da olmuşdur. Sovet ideoloqları 70 il ərzində Azərbaycan xalqının şüuruna yeritməyə çalışımışdır ki, orucluq dini xurafat və mövhumatdan başqa bir şey deyildir. Fikrimizcə, sovet ideoloqlarının bu yöndə apardıqları siyasət müəyyən qədər təsirsiz ötüşməmiş, azərbaycanlıların şüurunda az da olsa dəyişikliklərə səbəb olmuşdur. Ancaq ümumilikdə azərbaycanlılar gizli şəkildə də olsa, orucluq bayramına bəslədikləri sevgini yaşadaraq onu həmişə qeyd etməyə çalışmışlar.
Azərbaycan türk filosofunun fikrincə, azərbaycanlıların Ramazan bayramına olan ehtiyacı hər ildən ilə daha da artır. Buna səbəb də Azərbaycan xalqının azad və müstəqil yaşayaraq dini bayram və ayinlərini ürəkləri istədiyi kimi qeyd etmələri ilə bağlıdır. Bu baxımdan mübarək Ramazan ayı xalqın arzularının həyata keçməsi, əvəzində pis niyyətlərin baş tutmaması yolunda bir vəsilədir. Hüseynzadə yazırdı: «Filhəqiqə denilə bilər ki, bu il sinini-sabiqəyə nisbətlə ramazana olan ehtiyacımız daha ziyadə idi. Bu sənə zərfində baş göstərən mütəəddid vəqayei-müəssifə könüllərdə kəsif bir pas, bir torti, kiya istilahilə bir rüsub buraxmış idi. Bunların cümləsini oəmazanül-mübarək sildi, təmizlədi».
Hüseynzadə hesab edirdi ki, orucluq bayramı yalnız müsəlmanların deyil, bütün bəşəriyyət üçün qəbul ediləcək bir bayramdır. Çünki Ramazanda insaniyyət, bəşəriyyət, qardaşlıq başlıca prinsiplərdir. Eyni zamanda, o, orucluğu hürriyyətlə, azadlıqla müqayisə edirdi. Onun fikrincə, Ramazan bayramı elə bir bayramdır başqa dinə tapınanlar arasında da sevgi və məhəbbət yaradır: «Hürriyyət və Ramazan! Nə qədər gözəl şeylər! Ona görə də ümid ediyoruz ki, bu sənəki ramazan yalnız müsəlmanların degil, bəlkə başqa millətlərin, musəvi və isəvilərin, yəni ümum qonşularımızın dəxi qəlblərini, fikirlərini hürriyyət sayəsində təmizləməgə, tənvir etməgə müvəffəq oldu. Zənn edərəm, hürriyyət bayramı günlərində bilafərq qövm və millət, bilafərq din və məzhəb ümum vətəndaşlarımız miyanında görünən sülh və vifaq və hüsni-münasibət sözlərimizə dəlildir!».
Azərbaycan türk mütəfəkkiri Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında da Ramazana münasibət xüsusi yer tutmuşdur. Rəsulzadə yazırdı ki, on bir aya qarşılıq Ramazan ayı ayrıcalıq təşkil edir. Çünki yemək, içmək, işləmək üçün qurduğumuz və on bir ay davam etdirdiyimiz adətlər Ramazanda başqa bir şəklə girir. Onun fikrincə, bu başqalıq yalnız bir şəxsdə, ailədə, kənddə, şəhrdə deyil, müxtəlif şərait altında olan, müxtəlif yerlər və millətlərdə müxtəlif təsir və nəticələr hasil edir. Daha sonra Rəsulzadə yazırdı: «Orucluq bütun müsəlman millətlərinin adətlərini birləşdirmək xasiyyətilə onları bir millət halinə gətiriyor: adət və mərasimcə, demək olar ki, ənənəatca da birləşdirmiş oluyor. Məlumdur ki, milliyyəti tərif üçün ənənəat və adət birligini də söylərlər».
Rəsulzadənin fikrincə, orucluq bütün müsəlman millətlərinə təsir elədiyi kimi, hər müsəlman milləti də orucluğa az-çox təsir etmişdir. Rəsulzadə azərbaycanlıların orucluq bayramını necə keçirməsini «Şeytan bağlıdır» məqaləsində isə geniş şəkildə təsvir etmişdir: «Cəmaət əqidəsində, hədis kitablarında rəmazanül-mübarək ayı barəsində tühaf (maraqlı, sirrli) bir şey vardır. Bu ay Xudavəndi-təbarəkə və təalanın rəhmət ayı olduğundan, insanları günah və cinayətlərə uyduran şeytan, bu otuz günü qırılmaz zəncirlərə çəkilib əldən-ayaqdan kənar, insan üzü görməyən, təməddün səsi eşitməyən bir qeyri məlum cəzirəyə buraxılıb, ta orucluq bayramınadək ona oradan çıxmağa imkan verməzlər. Şeytan orada qalar da əllərini bir-birinə sürtərək müsəlmanların bu bir ay içində təhzibi-əxlaq etimələrinə və bu ibadət ayının tərbiyə-bəxş nəticələrinə qibtələr edər, heyflər deyər».
Məhəmməd Əmin İslamın mahiyyətinə toxunmadan və dindarların da qəzəbinə tuş gəlmədən böyük bir ustalıqla, incəliklə şeytanın Ramazan ayı müddətində əl-qolunun bağlanıb zəncirlənməsinin bir xürafat olduğunu ortaya qoyurdu. Ona görə də xüsusi bir diqqətlə fikirlərinə davam edən mütəfəkkir şeytanın bağlandığı yeri axtardığını və onu tapa bilmədiyini, ancaq islam dini baxımından ümidsizləşmədiyini qeyd edirdi. Bu baxımdan çox axtarışdan sonra Rəsulzadə çox məharətlə şeytanın bağlandığı yerin Bakı olduğunu yazırdı: «Şeytanın ramazan ayında məhbus olduğu yer Bakı imiş!… İki il təcrübəmdə mən gördüm ki, orucluq düşəli müsəlmanlar daha da bədəxlaq oluyorlar. Bir çox biri-biri ilə ədavəti olanlar özlərini saxlayıb-saxlayıb, ancaq orucluqda küçələrə part-part salırlar. Orucluq ayında axundların, vaizlərin minbərlərdə behişt vədləri ilə, cəhənnəm təhdidlərinə heç kəs qulaq asmayıb ayrı vaxtlardan daha da şiddətli olaraq cinayətə, qətli-qarətə məşğul oluyorlar!».
Beləliklə, Rəsulzadənin fikrincə, müsəlmanlardan ötrü ramazan ayı bir növ hüzn, qəm və riyazət ayına çevrilmişdir. Halbuki orucluq əslində sevinc, sevgi və məhəbbət bir ayıdır. Artıq müsəlmanlar bunu anlamalı və ramazana olan münasibətlərini yaxşıya doğru dəyişdirməlidir. Rəsulzadəyə görə, bundan ötrü müsəlmanlar islamı və onun müqəddəs kitabı Quranı dərindən anlamalı və mahiyyətinə varmalıdırlar. Yalnız bu halda dini bayramların, o cümlədən orucluğun mahiyyətini də anlamış olacaqlar.
Milli operamızın banisi, tannımış mütəfəkirimiz Üzeyir Hacıbəyli də hesab edirdi ki, orucluğun mənası bir tərəfdən fiziki cəhətdən sağlamlıq tapmaqla bağlıdırsa, ən vacibi isə müsəlmanın Allahın qarşısında ruhi sağlamlığı, yəni qəlbən təmizlənməsi, paklanmasıdır. Onun fikrincə, Ramazan ayında müsəlmanlar əsil din xadimlərindən onun mahiyyətini öyrəndikcə razı qalırlar: «Orucluq çıxdı. Aya, camaatımız Allah-taalanın bu böyük nemətindən bəhrəməd oldularmı?. Bəlli oldular. Əqəllən məscidlərdə bir iyirmi dəfə ictimai-müslimin vaqe olub, hərçənd müsəlmanların indiki pərişan vəziyyətindən danışılmadı, bu gün hər bir müsəlmanın borcu nə olduğu məlum edilmədi, qara camaatın ağlının daireyi məlumatını artıran söhbətlər edilmədi. Qan tökənlərə təsir edəcək sözlər söylənmədi, amma hər halda - bərəkət olsun - bir çox faydalı və lazımi söhbətlər danışıldı ki, onun millətimizə artıq nəfi vardır». Əlbəttə, sonuncu sözlərini Hacıbəyli satirik mənada işlətmişir. Çünki Ramazanda elə ruhanilər tapılırdı ki, İslam dininə aid olmayan söhbətlər edirdilər. Bu isə İslam dinini nəinki öz gözümüzdə həm də qeyri-müsəlmanların yanında hörmətdən salır. Halbuki Ramazanda istər oruculuğun, istərsə də İslam dininin keyfiyyətləri ilə bağlı danışımalı məsələlər kifayət qədərdir.
Fikrimizcə, Ramazan ayının mahiyyətini şeirlərində ən açıq ifadə edən şairmiz isə Məhəmməd Hadi olmuşdur. O, «Rəmazünül-mübarək» şerində yazırdı ki, orucluqda dünya yeni bir mərhələyə qədəm qoyur, zaman da, məkan da dəyişir. Bu isə müsəlmanlara imkan verir ki, səhvlərindən nəticə çıxarıb doğru yola - Allahın yoluna yönəlsin. Çünki hər şeyin yaradıcısı olan Allah öz sonsuz mərhəməti ilə Ramazanda insanlara bir daha şans verir verir ki, nəfsinə deyil onu Yaradana qul olsun. Hadi yazırdı:
Dünya yenə bir xələti-növ içrə əyandır
Bir başqa zaman, başqa məkan, başqa cahandır.
Aç çeşmini: gör aləmi məhsudi-cinandır
Bir nəfheyi-qüdsi dilü vicdanə vəzandır.
Ən sevgili aydır. Gözəl aydır. Rəmazandır
Əltafi-xuda şəşəəbari-fəyəzandır.
Həqq seyyidi-əşhər yaradub iştə bu mahi,
İcrayi-əvamir edəlim, tərki-nəvahi
İstərsək olaq məzhəri-qüfrani-ilahi
Möhnətzədəganın olalım püştü pənahi.
Ən sevgili aydır. Gözəl aydır. Rəmazandır
Əltafi-xuda şəşəəbari-fəyəzandır…