“Gediş haqlarının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ilin sonuna kimi də müraciət olunması gözlənilmir”. Bu sözləri Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
N.Həsənov Dövlət avtomobil nəqliyyatı xidmətinin nəzdində sürücülər üçün mütəmadi treninqlər keçirildiyini bildirib. “Məhdud sayda da olsa, biz mütəmadi olaraq belə treninqlər keçirir və sürücüləri dəvət edirik. Onlar bu müddətdə kurslarda peşə ixtisaslarını daha da artırırlar”.Kursların könüllülük əsasında təşkil edildiyini deyən Namiq Həsənov bunun icbari formaya salınmasının tərəfdarı olmadığını bildirib. “Əgər sürücü sürücülük vəsiqəsi alıbsa, demək o oxuyub və sürücülük kateqoriyası var, imtahan keçib təzədən onu icbari şəkildə kursa dəvət etmək düzgün deyil. Onları sadəcə peşə vərdişlərini artırmaq üçün könüllü şəkildə dəvət edirik. Düzdür, peşəkar sürücülər də qəzalar törədir, amma biz bununla da bağlı məsləhətləşmələr aparırırıq”.
Namiq Həsənov eyni zamanda şirkətlərin dəstəyi ilə Ramazan bayramı günlərində avtobusların sərnişənlərə pulsuz xidmət göstərməsi məsələsinə də toxunub. “Bura şirkətlər könüllü qoşulurlar, hamını məcburi cəlb edə bilmərik. Bu, xeyriyyə aksiyasıdır və biz nazirlik olaraq onların işinə qarışa bilmərik”.
Aytən ƏLİYEVA