Bakıda Zabitlər parkında internat məktəbi uşaqları və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Modern.az xəbər verir ki, Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova, tanınmış müğənni Samira Allahverdi, ifaçı Elgün Hüseynov və başqaları iştirak ediblər. Xeyriyyə aksiyasını Senan Ellez aparırdı.
Müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı barədə danışan tədbir iştirakçıları Ramazan ayının insanları sevgiyə, mərhəmətə və xeyriyyəçiliyə çağıran bir ay olduğunu dilə gətiriblər. Valideyn qayğısından məhrum və sağlamlıq imkanları məhdud olan uşaqların bunlara daha çox ehtiyac duyduqlarını bildiriblər. Gülnarə Xəlilovanın Modalar Evi adından uşaqlara yeni paltarlar və qiymətli hədiyyələr bağışlayıb.Daha sonra konsert proqramı təşkil edilib və konsertdə çıxış edən ifaçılar özlərinin hit mahnılarını ifa etməklə yanaşı, uşaqları bayram münasibətilə təbrik ediblər. Onlarla birlikdə müxtəlif musiqi və rəqs nömrələrində iştirak ediblər. Uşaqlar həmçinin öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar - şeirlər oxuyub, sevimli mahnılarını ifa ediblər.
Modern.az