Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat həmkarı Fazil Mustafanın onun Milli Şuranın vahid namizədi ola biləcəyinə dair irəli sürdüyü təklifə münasibət bildirib. Modern.az-a açıqlamasında İlyas İsmayılov deputat həmkarına haqqında söylədiyi fikirlərə görə minnətdarlığını bildirsə də Milli Şura ilə bağlı danışmaq istəmədiyini qeyd edib.
“Fazil bəyə şəxsi təşəkkürlərimi bildirirəm. Bu məsələlərə münasibət bildirmək mənim üçün yaxşı olmazdı. Yalnız təşəkkürümü bildirirəm”-deyə İ.İsmayılov həmkarının təklifinə belə reaksiya verib.
İ.İsmayılov seçkilərdə iştirak edib-etməyəcəyinin bu ay bəlli olacağını deyib: “Namizədlik məsələsi partiyanın qurultayında avqustun 18-də bəlli olacaq. Bu məsələlər qurultayda bilinəcək”.
Qeyd edək ki, F.Mustafa Modern.az-a açıqlamasında deputat həmkarı İlyas İsmayılovun müxakifətin vahid namizədi ola biləcəyini qeyd edərək onun böyük potensiala malik olduğunu vurğulayıb.
“İlyas İsmayılov Azərbaycanın tanınmış siyasətçilərindəndir. O, siyasətdə böyük nüfuza malik şəxslərdəndir. Milli Şura sevinsin ki, İlyas İsmayılov kimi namizədləri olsun. Hesab edirəm ki, İlyas İsmayılov Milli Şuranın vahid namizədi olarsa, bu, onlar üçün böyük bir qazanc olar. İlyas İsmayılovun siyasi potensialı onun vahid namizəd olmağına əlbəttə, imkan verir. Bu baxımdan mən bunu normal qəbul edərəm”.
Anar RÜSTƏMOV