Modern.az

Türk dünyasının Avropadakı qapısı: Macarıstan bizim üçün niyə önəmlidir...

Türk dünyasının Avropadakı qapısı: Macarıstan bizim üçün niyə önəmlidir...

21 Avqust 2023, 13:35

Avqustun 20-də Prezident İlham Əliyevin Macarıstana səfəri olub. Dövlət başçısı Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. İlham Əliyev bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğulayıb, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

 

Qeyd edək ki, Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.

 

Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

 

Bu il yanvarın 29-30-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə dost ölkəyə rəsmi səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana sayca dördüncü səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər çərçivəsində mühüm sənədlər imzalandı. Həmin sənədlər arasında ən əhəmiyyətlisi Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqları olunmuşdu. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb.

 

İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq uzun müddətdir mövcuddur: 

 

"İki ölkə arasında dostluq münasibətləri iqtisadi-ticari əlaqələrin də son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoymasına imkan yaratmaqdadır. 2010-cu ildən etibarən aktivləşən siyasi əlaqələr strateji tərəfdaşlığa qədər yüksəlib. 2014-cü ildən sonra iki ölkə arasında münasibətlərdə əməkdaşılığın yeni mərhələsi başlayıb. Hər iki ölkə strateji əməkdaşlıq haqqında sazişə imza atıb. 

 

Keçən il Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır. Beləliklə, iki tərəfli dostluq əlaqələri çoxtərəfli milli maraqlara xidmət edən platformaların yaradılmasına imkan yaradıb". 

 

 

Deputatın fikrincə, Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir:

 

"Macarıstan regionda ən böyük təbii qaz anbarına malikdir və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulması hər iki tərəfə strateji perspektivlər vəd edir. Azərbaycan qazının qarşıdakı dövrdə Macarıstana təhlükəsiz şəkildə nəql olunması regionun taleyinə mühüm təsir edəcək.

 

İşğaldan azad olunmuş ərazilərdə macar şirkətlərinin işlərinə gələn ildən start veriləcək. Ərazilərimizin bərpa olunmasında onların da töhfəsi gözlənilir. 

 

Azərbaycan-Macarıstan arasında ticarət dövriyyəsinin artırılması əsas hədəflərdən biridir.Əməkdaşlığın müxtəlif formalarının tapılması ticarət dövriyyəsinin artmasına şərait yaradacaq". 

 

T.Mirkişili söyləyib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri və orada keçirilən görüşlər Avropa Birliyi ölkələri ilə Azərbaycanın siyasi və iqtisadi münasibətlərinin daha da inkişafına xidmət edəcək.

 

"Enerji təhlükəsizliyi, tranzit nəqliyyat dəhlizləri, etibarlı tərəfdaş məsələlərində Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa can atması Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi diplomatiyasının mühüm uğurlarındadır", - deputat qeyd edib.

 

 

Milli Məclisin Azərbaycan-Macarıstan Parlamentlərarası İşçi Qrupunun üzvü Nəsib Məhəməliyev vurğulayıb ki, Macarıstan Avropada Azərbaycanın, eləcə də Türk dünyasının qapısıdır:

 

"Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malikdir. Azərbaycana dost dövlətdir. Bizi, tarixi, siyasi və mədəni əlaqələr birləşdirir. Onlar özlərini hazırda çəkinmədən Atillanın nəvələri kimi təqdim edilər. Macarıstana qarşı Avropa İttifaqı ölkələrinin bəziləri qısqanclıqla yanaşırlar. Macarıstanı Avropa İttifaqının bir sıra layihələrindən məhrum etməyə çalışırlar".

 

Deputat vurğulayıb ki, Azərbaycan Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayır:

 

"Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə stratejik müttəfiqliklə bağlı müqavilə imzalayıb. Bunların arasında Macarıstan xüsusi rol oynayır. İstər Avropa Parlamentində, istərsə də digər Avropa institutlarında Macarıstan bütün məsələlərdə Azərbaycanın mövqeyindən çıxış edir, onu dəstəkləyir. Təbii ki, bütün bunlar Azərbaycan dövləti və cənab Prezident tərəfindən dəstəklənir. Azərbaycanla Macarıstan arasında iqtisadi sahə ilə yanaşı, elm və təhsil, eləcə də mədəni sahədə əlaqələr mövcuddur. Elmi potensialı olan, dünya reytinqli, dünya top universitetlərdən bir neçəsi Macarıstanda yerləşir. Azərbaycanlı tələbələr də orada təhsil alır.  Açıq deyə bilərik ki, Avropa İttifaqına daxil olan 20-dən çox ölkə arasında Azərbaycana ən yaxın olan Macarıstandır.  Bu münasibətlərin daha da genişləndirilməsi və intensiv xarakter alması hər iki ölkənin siyasi hakimiyyətinin iradəsidir".

 

N.Məhəməliyev Macarıstanın Türk Dövlətləri Təşkilatına daxil ola biləcəyini diqqətə çatdırıb:

 

"Yaxın zamanlarda Türk Dövlətləri Təşkilatını daha da inkişaf etdirəcəyik. Macarıstan kimi, Avropada nüfuzu olan, siyasi, iqtisadi və hərbi cəhətdən inkişaf etmiş  bir dövlətin bu təşkilatda təmsil olunması təbii ki, dövlətlərimizin maraqlarına xidmət edir. Cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm. Yaxın zamanlarda bu səfərin bəhrəsini görəcəyimizə inanıram".

 

 

 

 

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi