Prezident İlham Əliyev avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Kürdəmirlilər adından çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov respublikamızın, o cümlədən Kürdəmirin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırıb.
Sonra dövlətimizin başçısı "Kürdəmir şəhərinin su təchizatının planı"nı, "Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı"nı və Külüllüsu mənbəyində görülən işləri əks etdirən stendlərə baxıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi və Külüllü su mənbəyi haqqında Prezident İlham Əliyevə məlumat verib.
Məlumat verilib ki, Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı, Zərdab və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcək. Layihəyə uyğun olaraq Külüllüdən Kürdəmir şəhərinə 27, Zərdab şəhərinə 72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda magistral su kəmərləri çəkilib. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaq. Ümumilikdə layihədən 170 mindən artıq insan faydalanacaq. Külüllü mənbəyindən 2 kilometr cənubda yerləşən suqəbuledici və paylayıcı anbarların SCADA sistemi ilə idarə edilməsi də nəzərdə tutulur.
Sxemlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasim iştirakçıları ilə söhbət etdi.
Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb.
Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verib. Sonda xatirə şəkilləri çəkilib.
***
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkına gedərək, mərhum prezidentin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Səfər davam edir....
Modern.az