2013-2014-cü tədris ilində Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin I sinfinə 35 min şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının Modern.az-a verdiyi məlumata görə, ötən tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36 min 102 şagirdin qəbul olunub.
Qeyd edək ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
Gültəkin ƏLƏSGƏR