“Xutorda evlərin sökülməsi yolun genişləndirilməsi ilə bağlıdır. Orada insanlar əsasən qiymətlərdən narazılıq edirlər”. Bu sözləri Modern.az-a açıqlamasında 9 saylı Binəqədi rayon ikinci seçki dairəsindən seçilən Rəfael Cəbrayılov deyib. Deputat həmin ərazidə yaranan bəzi neqativ halların insanların qanunu bilməmələrindən irəli gəldiyini vurğulayıb.
“Köçürülmə elə bir prosesdir ki, burada insanları tam razı salmaq mümkün deyil. Qiymət məsələsində həmişə narazılıq olub, olacaq da. Orada bəzi neqativ hallar var idi, hesab edirəm ki, bu qanunu bilməmələrindən irəli gələn məsələ idi. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə, şəxsin yaşayış sahəsinin, həyətinin hətta kiçik hissəsi alına bilməz. Əgər onun hansısa bir hissəsini alırsansa, bütöv almalısan. Orada bəzi insanlar var idi ki, onun həyətinin bir hissəsi alınırdı, bir hissəsi qalırdı. Amma bildiyim qədər bu insanlarla həmin məsələ öz həllini tapıb”.
R.Cəbrayılov narazı sakinlərin problemlərini Binəqədi rayonunun icra başçısı ilə də müzakirə etdiyini bildirib.
“Srağagün icra başçısı ilə iftar süfrəsində görüşdük. İcra başçısı bildirdi ki, həmin narazı insanları qəbul edib və dediyinə görə, artıq problemi olan sakin qalmayıb. Yalnız problem qiymətlə bağlıdır. Hərə öz malına bir cür qiymət qoyur. Söhbət hər kvadrat metrə 1500 manat istənilməsindən gedir. Halbuki, həmin evləri bazara çıxartsa belə, onun qiyməti 1500 manat etməz”.
Deputat məhz onun və icra başçısının müdaxiləsindən sonra orada olan neqativ halların aradan qaldırıldığını bildirib.
“Mənə də müraciət ediblər. Köməkçim vasitəsilə də məktub göndəriblər. Mən də icra başçısı ilə birlikdə “Azəryolservis”lə danışdıq və qeyd edim ki, məhz bizmin müdaxilələrimizdən sonra məsələ öz həllini tapdı”.
Aytən ƏLİYEVA