Rusiyanın "Vaqner" qruplaşmasının lideri Yevgeni Priqojin ölüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Zaporojye vilayətinə təyin etdiyi Vladimir Roqov "Telegram"da yazıb.
Roqov bildirib ki, onun danışdığı 'Vaqner" döyüşçüləri Tverdə baş verən qəza zamanı Priqojinin öldüyünü təsdiqləyirlər.
Vladimir Roqovun sözlərinə görə, Priqojinlə birlikdə muzdluların komandiri Dmitri Utkin də həlak olub.
"Fontiki" nəşri qeyd edir ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojin olub. Nəşrin məlumatına görə, biznes-jetdə muzdluların komandirləri də olub.
"Vaqner" ilə əlaqəli "Grey Zone" teleqram kanalı da Priqojinin öldüyünü bildirib.
Bir sıra kanallar Priqojin və onun yaxın adamı Dmitri Utkinin cəsədlərinin tapılaraq şəxsiyyətinin müəyyən edildiyini yazır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. İdarədən bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
“Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. "Flightradar24"ün məlumatına görə, RA-02795 quyruq nömrəli təyyarə, "Embraer Legacy 600" müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. "Vaqner" təyyarəni 2020-ci ilin sentyabrında alıb.
"Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edir.