Modern.az

İki ölkə arasındakı əlaqələrin daha da inkişafının şahidi olacağıq

İki ölkə arasındakı əlaqələrin daha da inkişafının şahidi olacağıq

Parlament

24 Avqust 2023, 11:11

"Azərbaycan Respublikasının və  Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasınln yaradılması haqqında Müqavilə"də qarşılıqlı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsinin qeyd olunması, iki dost və qardaş ölkə arasındakı əlaqələrin sürətlə inkişafından xəbər verir.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib. 


Millət vəkili Özbəkistan Prezidentinin yenidən dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsini ölkəmizə verilən yüksək dəyər kimi qiymətləndirib: “Azərbaycan türk dövlətləri və bütövlükdə Mərkəzi Asiya ölkələri ilə sıx tarixi, mədəni və siyasi əlaqələrə malikdir. Son 10 il ərzində Prezident İlham Əliyevin Azərbaycanla Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Mərkəzi Asiyanın digər dost və qardaş ölkələri, bütövlükdə isə türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi səylər bu gün öz bəhrəsini verməkdədir. 2011-ci ildən, Naxçıvan bəyannaməsinin imzalandığı vaxtdan etibarən, Azərbaycan türk dövlətləri arasındakı münasibətlərin yüksək səviyyəyə qaldırılması istiqamətində mühüm addımlar atıb, ölkəmizin bu istiqamətdəki tarixi missiyasını uğurla davam etdirərək yeni müstəviyə daşıyıb. Prezident İlham Əliyevin Mərkəzi Asiya respublikalarına ardıcıl səfərləri, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi davamlı siyasət Türk Dövlətləri Təşkilatının Avrasiya məkanında mühüm əməkdaşlıq platformasına çevrilməsinə zəmin yaradıb”.


Azər Kərimli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı, qardaş ölkənin ölkəmizin ərazi bütövlüyünün bərpasına, eləcə də həmvətənlərimizin öz doğma evlərinə qayıdışına verilən dəstəyin bariz nümunəsidir: “Qardaş ölkənin dəstəyi ilə Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda Uluqbəy adına tam orta məktəbin inşa edilməsi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan-Azərbaycan münasibətlərinin, Azərbaycan və Özbək xalqlarının dostluq və qardaşlığının rəmzidir”. 

 

Millət vəkili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin inklişafında yen bir mərhələyə yol açacağını bildirib: “Səfər çərçivəsində “Azərbaycan Respublikasının və  Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasınln yaradılması haqqında Müqavilə"nin imzalanması da dövlət başçılarının qarşılıqlı münasibətlərin ən yüksək səviyyəyə daşınmasında israrlı olduqlarını və böyük siyasi iradə nümayiş etdirdiklərini təsdiqləyir. Şübhəsiz ki, yaxın perspektivdə iki ölkə arasındakı iqtisadi, mədəni əlaqələrin intensiv inkişafının şahidi olacağıq. İstisna etmirəm ki, Azərbaycan-Özbəkistan münasibətlərinin dinamik inkişafı, digər Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlığın inkişafına da öz töhfəsini verəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi