“Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin dünənki təyyarə qəzasında ölməsi Rusiya mətbuatının gündəmində əsas mövzulardan biridir.
Avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan “Embraer-135” təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə Yevgeni Priqojin və onun “sağ əli” - “Vaqner”in komandiri Dmitri Utkin də daxil olmaqla 10 nəfər var idi və hamısı ölüb.
Qəzaya uğrayan sərnişinlərin tam siyahısını dərc edən Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, bunlar Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Dmitri Utkin, Nikolay Matuseyev və Yevgeni Priqojindir.
Bundan əlavə, təyyarədə ekipaj komandiri Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopova da olub.
Modern.az xəbər verir “ÇP DTP Perm” teleqram kanalının məlumatına görə, Rüstəm Kərimov Rusiyanın Perm şəhərində anadan olub. Perm və Sankt-Peterburqda pilot kimi çalışmış 29 yaşlı gənc təyyarə qəzasından bir neçə gün əvvəl həyat yoldaşı ilə toylarının dördüncü ildönümünü qeyd edib.
Rüstəm Kərimov 2014-cü ildə bitirdiyi Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur.
Onun atası Şükür Kərimov oğlunun ölümünü Rusiya mətbuatına təsdiqləyib:
“Bəli, mənim oğlum Rüstəm Kərimov dünənki qəzada həlak olub. Sonuncu iş yerinə o, cəmi üç ay əvvəl düzəlmişdi. İki ay əvvəl Sankt-Peterburqa köçmüşdü. Uçuşdan əvvəl o, anasına zəng edərək, bu reyslə uçduğunu deyib”.
Atası Rüstəmin Permdə S7 aviaşirkətində işlədiyini də deyib. 2020-ci ildə pandemiya başlayanda pilot işsiz qalıb. Sonra yenidən işə düzəlib, lakin Ukraynada xüsusi əməliyyat başlayandan sonra yenidən iş yerini itirib.
Rusiya mətbuatı Rüstəm Kərimovun milliyyətini açıqlamayıb...
A.Qorxmaz