Modern.az

Bir şəklin tarixçəsi: Heydər Əliyev komandasının “uzaqvuran topları” - Kimlər gəldi, kimlər getdi...

Bir şəklin tarixçəsi: Heydər Əliyev komandasının “uzaqvuran topları” - Kimlər gəldi, kimlər getdi...

Reportaj

25 Avqust 2023, 13:59

1993-cü ildə Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə gəldi. Həmin il ölkə prezidenti seçilən mərhum Heydər Əliyev tədricən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurları öz kadrları ilə əvəz etdi.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu şəkildə mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunmuş ən güclü məmurlar əks olunub. Siyasi prosesləri izləyənlər şübhəsiz ki onları unutmayıblar.

Vaxtilə qılınclarının dalı da, qabağı da kəsən həmin vəzifə sahiblərinin sonrakı aqibəti ayrıca mövzudur...

Bu fotoşəkil 1995-1996-cı illər arasında lentə alınıb. Zaman dəqiq bəlli olmasa da, məkan məlumdur: Binə hava limanı...

Ukraynanın o vaxtkı dövlət başçısı Leonid Kuçma Bakıya gəlib. Prezident Heydər Əliyev hökumət üzvlərini ali qonağa təqdim edir:

Soldan sağa - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahderdiyev, Baş prokuror Eldar Həsənov, milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Səfər Əbiyev,.. Milli Məclisin sədri Rəsul Quliyev...

İndi onlardan yalnız biri rəsmi vəzifə tutur...

Rəfael Allahverdiyev vəzifədən çıxarılandan sonra – 2004-cü ildə Azərbaycanı tərk edərək İsveçrəyə sığınmalı oldu. Yalnız 2009-cu ilin yanvarında çox ağır vəziyyətdə Bakıya gətirildi və bir neçə saat sonra xərçəngdən dünyasını dəyişdi.

Eldar Həsənov hazırda həbsdədir. 2020-ci ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad ediləndən sonra həbs edilib. Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci ildə Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək nazir, 2012-ci ilədək səfir işləyib. Hazırda təqaüddədir. Bakı ətrafındakı bağ evində yaşamağa üstünlük verən eks-nazirin səhhətində bir müddət əvvəl ciddi problem yarandığından, həkimlər ona daha sakit məkan tövsiyə ediblər.

Ramil Usubov 1994-2019-cu illərdə nazir işləyib. 20 iyun 2019-cu ildə daxili işlər naziri vəzifəsindən azad edilib. Elə həmin tarixdən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibidir.

Səfər Əbiyev 1995-2013-cü illərdə müdafiə naziri işləyib. 73 yaşlı eks-nazir hazırda təqaüddədir.

Rəsul Quliyev 1993-1996-cı illərdə Milli Məclisin sədri olub. 1996-cı il sentyabrın 11-də parlamentin spikerliyindən istefa verən R.Quliyev o vaxtdan bu günə kimi ABŞ-da mühacir həyatı yaşayır.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var