Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Türkiyənin tanınmış sənətçilərindən biri, “Ah Karabağ” mahnısı və klipinin müəllifi olan Başkal ilk dəfə Azərbaycana avqustun 11-14-də səfər edəcək. O, ilk olaraq Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda olacaq. Ön cəbhədə əsgər və hərbiçilərlə görüş və konsert proqramından sonra rayon ictimaiyyəti üçün də sənətçi konsert proqramı ilə çıxış edəcək.
Sonra Gəncə yaxınlığında Gülüstan qəsəbəsində məcburi köçkünlərlə görüşəcək və onlar qarşısında konsert proqramı ilə çıxış edəcək. Bundan sonra Dağlıq Qarabağ istiqamətində ön cəbhə rayonlarımızdan biri olan Tərtər rayonunda əsgər və hərbiçilərlə görüşüb, onlar qarşısında çıxış edəcək Başkal eyni zamanda rayon ictimaiyyəti üçün də geniş konsert verəcək. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB bunlarla yanaşı Başkalın Bakıda R. Behbudov adına Mahnı teatrında şəhid ailələri, qaçqın və məcburi köçkünlər və musiqisevərlər üçün də konsertini təşkil edib.
Qeyd edək ki, “Ah Karabağ” mahnısı və klipinin müəllifi olan Başkal Türkiyənin gözəl sənətçilərindən biri olmaqla yanaşı hər zaman Azərbaycana, Qarabağ probleminə, Xocalı soyqırımı mövzusuna həssaslıq göstərmiş bir şəxsdir. Heç bir zaman Azərbaycanda olmadığı halda Qarabağla, Xocalı Soyqırımı ilə bağlı çox təsirli “Ah Karabağ” mahnısını ifa etmiş, ona çox təsirli bir klip hazırladaraq Türkiyə ictimaiyyətinə təqdim edib.“