Modern.az

«Birləşəlim, türk oğlu, bu yol millət yoludur»

«Birləşəlim, türk oğlu, bu yol millət yoludur»

10 Avqust 2013, 11:17

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
 

XX əsrin əvvəllərində Azərbaycan mütəfəkkirlərinin meyil etdikləri cərəyanlar arasında türkçülük mühüm yer tutmuşdur. Buna başlıca səbəb də milli kökə, milli dəyərlərə qayıdış və onun hakim ruha çevrilməsi idi. Bu dövrdə Azərbaycan türk mütəfəkkirləri  arasında türkçülüyə, turançılığa meyil edən və bu ideyaları yaradıcılığında əks etdirənlər arasında Abdulla Şaiq (1881-1959) də olmuşdur. Onun yaradıcılığında türkçülüklə bağlı, ən çox diqqət yetirdiyi milli dil, milli birlik, Türk birliyi, Turan idealı, Azərbaycanın istiqlalı və s. məsələlər olmuşdur.

Hələ gənc yaşlarından türkçülüyə bağlı olan Şaiq müəllim işlədiyi məktəblərdə turançılıq məfkurəsinin əsas daşıyıcılarından biri idi. Uşaqlara həsr etdiyi ilk şeirindəcə şairin tutduğu məfkurə bəlli olurdu:

Lay-lay mələkim, sevdiciyim, yavrucuğum yat!
Bir də ələ düşməz bu cocuqluq dəmi, heyhat!
Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz,
İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.

Şaiqin turançılıqla bağlı biqqət yetirdiyi əsas məsələlərdən biri ortaq türkcənin yaradılması olmuşdur. O, 1913-cü ildə qələmə aldığı «Dilimiz və ədəbiyyatımız» məqaləsində Azərbaycan türk millətinin dili ilə bağlı yazırdı ki, hər bir millət yalnız mükəmməl ədəbi dilə malik olmaq sayəsində yaşaya bilər. Çünki dili mükəmməl surətdə islah olmuş bir millətin milliyyətini nə zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz! Onun fikrincə, bir millət dllinə və həmin dilin bariz nümunəsi olan ədəbiyyatına biganə qalarsa o zaman ciddi problemlərlə üz-üzə qalar. Şaiq buna nümunə kimi, müharibələrdə türklərə məğlub olan iranlıların, farsların dil və ədəbiyyat sahəsində qalib duruma gəlmələrini göstərmişdir: «Bütün səlabət və şücaətləri ilə cahanda məşhur olan Türküstan türkləri qonşuları olan İran hökuməti ilə uzun-uzadı etdkiləri mühəribələrdə əksərən qalib gəlmişlər və iranlılara təhsin oxutmuşlardı. Lakin bu gün ən rəzilanə bir tövrdə farslara məğlub olduqları göz önündədir. Farslar o sağlam türk ünsürünü silah gücü ilə baş əydirəmədilər. Ən axırda təqərrüb münasibətilə firdovsilərin, hafizlərin, sədilərin və bir çox daha müqtədir şairlərin tutduqları bədiələr və hüsulə gətirdikləri mükəmməl, fəsih lisanları sayəsində türkləri özlərinə baş əydirməyə müvəffəq oldular. Və müruri-zaman ilə onların dillərini qövmiyyət və hissiyyatlar ilə bərabər alıb da öz başlarına buraxdılar. Bu gün Türküstan türklərinin fars lisanında söylədiklərini və rəsmi lisanları fars lisanı olduğunu hər kəs bilir zənn edirəm».

Şaiqin fikrincə, bu gün türk dili iki qismə bölünür: 1) el dili; 2) ədəbiyyat dili. Şaiq yazırdı ki, Allah vergisi olan el dili ən asan və olduqca gözəl bir dildir: «Türk dili bütün Asiyada ümumi bir dil kimi qəbul edilir. Qonşularımız ermənilər və gürcülərin çoxu bu dili bilir, hətta ermənilər bayramlarda Azərbaycan şərqiləri, nəğmələri oxuyurlar». Onun zənnincə, el dilimiz el ədəbiyyatında bayatılar, tapmacalar, məsəllər, mahnılar da öz əksini tapmışdır. Bu dil, «haqq-təala həzrətlərinin bizə bəxş etdiyi qiymətsiz, ən böyük bir nemətdir. Belə bir dilin ulu və böyük bir qövmə veriləcəyinə şübhə yoxdur».

Onun fikrincə, ancaq ədəbiyyatımız dilimizdən çox geridir və fars şairlərinin təsiri  altında boğulmaqda davam etməkdədir. Bunun bir sıra tarixi səbəbləri olduğu kimi, keçmiş böyük şairlərimizin də qüsurları görünməkdədir: «Doğrudur ki, Xaqani və Nizami kimi müqtədir şairlərimizin fars dilində törətdikləri bədiələr şərəfi yenə də bizlərə məxsusdur. Lakin tarixi-ədəbiyyatımızın parlaq səhifələrində onların əsərləri heç bir yer tutmayacaq və nami-mübarəkləri ədəbiyyatımızı zinnətləndirməyəcəyi təəssüf olunacaq şeylərdir. Ana dilində şeir söyləyən şairlərimizin bir çoxu da bütün-bütünə dilimizin ahəngini pozmuşlar. Cəli və təqlidi olaraq meydana çıxardıqları əsərləri nə ədəbiyyatmızda və nə də cama­atı­­mızın əhvali-ruhiyyəsində başqalıqlar törətməyə müvəffəq olmamışdır. Odur ki, ədəbiyyatımız irəliləməmiş və haman bir halda donub qalmışdır».

A.Şaiqin fikrinə görə, Azərbaycan türkləri kimi, osmanılı türk ədib və şairləri də fars və ərəb lisanının şidətli nüfuzu altına keçdiyindən çox kənara sapmışlar. Bu baxımdan o, türk dilinin islah olunmasının əleyhinə çıxmamışdır: «Tərəqqi zamanı və yeniləşmə dövrü olduğu halda biz nə üçün tərəqqiyə çalışmayaq? Biz nə üçün gözəl dilimizin islahı və mükəmməliyyəti uğrunda səy və kuşiş etməyək? Çalışaq, dilimizi ən fəsih və ən mükəmməl bir dil dərəcəsinə və qibtə ediləcək ədəbi dil halına gətirək. Ancaq  əndazəsilə».

F.B.Köçərli, C.Məm­məd­­­quluzadə, Ö.F.Neman­­zadə kimi, A.Şaiq də hesab edirdi ki, ortaq türk dili Azərbaycan türkcəsi əsasında yaradılmalıdır. Çünki Azərbaycan türkcəsi qədim türkcəni özündə daha çox qorumuşdur. Bu mənada, Azərbaycan türkcəsi xalqın dilinə daha çox yaxındır, nəinki Türkiydə işlədilən türkcə. Halbuki, türk dilini mürəkkəbləşdirmək deyil sadələşdirmək, yəni geniş xalq kütlələrinin anlaya biləşcəyi bir şəklə salmaq lazımdır. Ədəbi dil də xalqın öz dilidir, bu dil hamı üçündür; hamı yazıb oxumalı, cəmiyyətin inkişafında yaxından iştirak etməlidir.

A.Şaiqin Cümhuriyyət dövründə yazdığı əsərlərində də milli məsələlərə, o cümlədən türkçülüyə-turançılığa, vətənçiliyə xüsusi yer vermişdi. «Arazdan Turana» şeirində turançılıq məfkurəsini ifadə edən A.Şaiqin fikrincə, Turan ellərinin arasına xainlər soxulmuş və onlar bu eli parçalamaq istəyirmişlər. Yüz milyonluq türk övladları xainlərə qarşı birləşməli və bütün Turanı xainlərdən azad etməlidirlər. A.Şaiqə görə, Turan adlı Vətən dardadır və onu qurtaracaq türk oğlunu gözləyir:

Nərdə o Türk nişanlım, o qoç igit, qəhrəman?
Yolunu pək özlədim, yol ver ona, Yaradan?
Yel atına binsin də, gəlsin səni qurtarsın!
Yağı olan bu xain başları qoparsın...

O yazır ki, türk oğlu bu hayqırtını eşidir və Vətəni dardan qurtarır:

Quzğun dəniz» bu qara xəbərləri dinlədi,
Yara almış bir arslan kimi kimi inlədi.
Basdı Kürü, Arazı dalğaların selinə,
Birdən-birə köpürdü, daşdı Turan elinə.
O dağ kibi yüksələn dalğaları yürüdü,
Yüz milyonluq Turanı başdan-başa bürüdü.
Hər kiçicik dalğasında bir ildırım patladı,
Almas kipriklərində birər şimşək oynadı.
Hər bir öksüz bucaqda qopdu yeni bir tufan,
Coşqun sellər qaldırdı əngəlləri aradan.
Artıq sehrli divlər yediyini həp qusdu,
Sonra Turan da susdu, dəniz də, göy də susdu.

Onun bu dövrdə qələmə aldığı «Marş», «İki mücahid», «Vətənin yanıq səsi», «Yeni ay doğarkən» və başqa şeirlərində də türkçülük, turançılıq əsas idealdır. O, «Marş» şeirində turançılıq məfkurəsindən çıxış edərək yazırdı ki, türklər Turan yolunda birləşməli, ünlə, zəfərlə, şanla tarixini doldurmalı və düşmənlərinə yerini göstərməlidirlər:

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim irəli, haydı, millət əsgəri,
Keçmişimiz şan, zəfər, durmayalım biz geri.
Yıldırımlı gözünüz qan ağladır düşmənə.
Qorxaq, alçaq, xainin bu meydanda işi nə?!
Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
Altqn ordu, irəli! Dağlar-daşlar aşalım!
Türk qafasında qorxu yuvalamaz, düşmənim!
Həp dəmirdən yapılmış ruhum, qəlbim, bədənim.
Süngümüzün ucundan damar qətrə-qətrə qan,
Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşman.
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə «Ərgənəkon» ocağı.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!.

Çox təəssüflər olsun ki, bü gün məktəblərdə şagirdlərə Şaiqin milli ruhlu əsərlərini deyil, SSRİ dövründə olduğu kimi «Xoruz», «Keçi», «Uşaq və dovşan» və digər şeirlərini öyrədirlər. Halbuki aydınımızın məktəblərdə Vətənimizə və Millətimizə aid yeni nəsilə öyrədiləcək kifayət qədər şeirləri vardır. Yalnız bu cür milli əsərlərlə vətənpərlər və millətpərvər nəsil yetişə böilər. Bu mənada, fikrimizcə, Şaiqin milli ruhlu şeirlərinin orta məktəb dərsliklərinə salınması mütləqdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı