Sovet dövründə siyasi lətifələr az idi. Amma çox mənalı idi. Atam yaxın dostlarıyla evdə yeyib-içəndə danışırdılar. Mən də yanlarında olurdum. Deyə bilmirdilər ki, “ay uşaq, get dərslərini hazırla. Böyüklərin söhbətlərinə qulaq asma”. Axı, belə desəydilər qulluğa kimi göndərəcəkdilər: “Mahir, yeməyi qızdır”, “Mahir, arağı qoy xolodilnikə soyusun”, “Mahir, arağı gətir bir yüz-yüz süz, təzədən apar qoy morozilnikə” və sair, ilaxır.
Beləcə yanımda siyasi lətifələr dilə gəlirdi. Sonra isə barmaqlarını mənə qarşı silkələyərək “alə, birdən çaşıb gedib məktəbdə danışarsan a... bunları. Sənə heç nə eləməzlər. Atovu isə tutarlar”. Mən də heç yanda danışmırdım. Sadəcə yadımda saxlayırdım... böyüyəndə başa düşmək üçün.
Amma o vaxt mənə demişdilər ki, “məktəbdə danışma”, deməmişdilər ki, “nə vaxtsa yazma”.
Məsələn:
Bir rus əlində iri bir qarpız Kremlin qabağıdan keçir. Bu dəm Sovet İttifaqının rəhbəri Leonid İliç Brejnevlə rastlaşır.
- Nə qəşəng qarpızdır?
- Buyurun, Leonid İliç, seçin.
- Nəyi seçim? Qarpız bir dənədir, axı?
- Bəs necə olur ki, qurultay hər dəfə tək namizəddən tək Sizi seçə bilir. Siz isə tək qarpızdan bircə qarpız seçə bilmirsiniz?
Bir lətifə isə bu günlərdə yadıma düşdü. Daha doğrusu Milli Şura yadıma saldı. SSRİ ilə ABŞ arasında böyük rəqabət vardı. İş o yerə çatır ki, günlərin bir günü prezident Ruzveltlə Stalin hansı ölkənin oğrularının daha bacarıqlı olmasını müzakirəyə çıxarırlar. Stalin öz oğrularının gücünü sübut etmək üçün Ruzvelti otuzdurur “Zaporojets” maşınına. Sükan arxasında özü oturur, çıxırlar şəhər ətrafına. Bir daha xatırladım ki, “Zaporojets”də mühərrik arxada yerləşirdi. Bir qədər gedəndən sonra maşın dayanır, mühərrik sönür:
- Nə baş verdi?- deyə Ruzvelt soruşur.
- Yəqin mühərrikə nəsə olub.
İkisi də avtomobildən düşür. Kapotu açırlar. Ruzvelt boş kapota baxıb dəhşətə gəlir.
- Bəs mühərrik hanı?
- Görürsən də bu köpəkuşağını... gedə-gedə mühərriki oğurlayıblar. Tutsam onları... – Stalin qəzəblə deyir
- Bəs onda nə edək? Geri necə qayıdacağıq?
Stalin avtomobilin arxasına keçir. Baqaj hissənin qapağını qaldırır:
- Heç nə olmaz, Franklin. Yaxşı ki, bizim maşında ehtiyat mühərrik də var.
İndi bizim Milli Şuranı da məhz onu yaradanların özləri yavaş-yavaş ”Zaparojets”ə çevirirlər. Mühərrikini Rusiyaya qaçırıblar. İndi də naəlac qalıb “ehtiyat mühərrik” axtarışına çıxıblar. Amma bircə fərqi var. Stalinin “Zaparojets“ində bir “ehtiyat mühərrik” vardı. Milli Şuranın “Zaparojets”inin baqajında isə nə qədər istəyirsən “mühərrik” var. Qüvvəsi neçə at gücündədir? Bilmirəm. Bircə onu bilirəm ki, yükü çox ağırdır. Dördün də qoşsalar, çəkə bilməyəcək. Tərpənsə də, hər addımda radara düşəcək.
Seçkilərə az qalır. Bir qohum o gün soruşur ki, ay Mahir, bu işlərin axırı nə olacaq? Bu Milli Şura nə deməkdir? Elə o dəm Ayaz Mütəllibovun prezidentliyi dövründə yaranan bəlkə də yeganə siyasi lətifə yadıma düşdü.
Çox qəliz bir dövr idi. Müxalifət iqtidar bir-birinə qarışmışdı. Hərəsi də bir tərəfə dartırdı. Ayaz Mütəllibovun dövründə, məhz özünün xeyir-duası ilə Milli Şuraya kimi bir qurum yaradılmışdı. Səhv etmirəmsə adı Müdafiə Şurası idi. Zərdüşt Əlizadə, Etibar Məmmədov və digər müxalif fikirli insanlar bu qrupda sözün əsl mənasında fəal iştirak edirdilər. Daha dəqiq desəm, Sovetin süqutunu tezləşdirirdilər. Amma arada bir-birlərinə qarşı da çıxırdılar. Məhz lətifə də bu gizli qarşıdurmanın nəticəsi idi:
Əbülfəz Elçibəy, Etibar Məmmədov və Zərdüşt Əlizadə düşürlər bir adaya. Elçibəy aralarında ağsaqqal olduğu üçün deyirlər ki, sən ocaq qala. Biz də gedək adanı gəzək, görək əlimizə ovdan, mer-meyvədən nə keçir? Tapaq gətirək. Üstündən bir-iki saat keçmiş Etibar Məmmədov əliboş geri qayıdır. Gəlib görür ki, Əbülfəz bəy nəinki ocağı qalayıb, hətta kabab da çəkib. Zərdüşt isə hələ yoxdur. Etibar Məmmədov da oturur ocağın ətrafında. Çubuqdan hazırlanmış şişlərdən birini götürüb çəkir dişinə. Başlayır ləzzətlə yeməyə. Sonra üzünü Elçibəyə tutub deyir:
- Ay, bəy!
- Bəli.
- Bu Zərdüşt bilmirəm də nə hoqqa çıxarır. Bilmirəm kimin tərəfindədir? Nə eləmək istəyir? Heç xoşum gəlmir də Zərdüşt Əlizadədən...
Elçibəy də təmkinini pozmadan cavab verir:
- Xoşun gəlmir... yemə.
İndi belə getsə, Milli Şurada da başlayacaq biri-birinin ətini yeməyə. “Zaparojets” lətifəsi yalan olacaq.