AXCP sədri Əli Kərimli Milli Şura ilə yeni təkliflər hazırlayıb. Modern.az-ın məlumatına görə, AXCP sədri Milli Şuranın növbəti sessiyasında Rüstəm İbrahimbəyovdan əlavə daha bir vahid namizədin müəyyən edilməsi ilə bağlı təklif irəli sürəcəyini deyib.
Ə.Kərimlinin hazırladığı təklifər bunlardan ibarətdir:
1. Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova sona qədər dəstək verilsin. Hətta imzaların toplanması üçün nəzərdə tutulmuş müddətin başa çatmasına 5-6 gün qalmış da Rusiya vətəndaşlığı problemini həll edə bilsə, onun namizədliyi reallaşa bilər. Seçkiyə hazırlıq işləri hər gün davam etməlidir.
2. Rüstəm bəyin Rusiya vətəndaşlığı ilə bağlı probleminin həllinin gecikməsi ehtimalını və onun özünün Milli Şuraya məktub göndərib, digər iddialıların da prezidentliyə namizəd olmalarına etiraz etmədiyini nəzərə alaraq, Milli Şura daha bir vahid namizəd müəyyənləşdirməlidir. Əvvəcədən müəyyən edilməlidir ki, Rüstəm bəyin namizəd olmaq imkanları yaranan kimi indi seçiləcək vahid namizəd öz namizədliyindən Rüstəm bəyin xeyrinə imtina edəcək.
3. Hazırda ölkənin demokratik qüvvələrinin Milli Şurada əldə olunmuş birliyini qoruyub saxlamaq olduqca vacibdir. Ona görə də yenidən vahid namizədi müəyyənləşdirmək üçün hamı güzəştlərə hazır olmalıdır.
A.RÜSTƏMOV