Modern.az

Amazonların yaşadığı, mistik və mifoloji adadan REPORTAJ 

Amazonların yaşadığı, mistik və mifoloji adadan REPORTAJ 

2 Sentyabr 2023, 12:48

Dörd bir tərəfi dənizlə əhatə olunmuş Giresunə səyahət edərkən şəhərin hər yerindən aydın şəkildə görünən kiçik ada turistləri cəlb edir. Bu ada Giresun şəhərindən sadəcə 1,2 km məsafədə yerləşir. Yerli əhali tərəfindən ada şəhərin adı ilə adlandırılsa da, qədim adı Aretiasdır. 


4 hektar ərazini əhatə edən bu yaşıllıqlar məskəni Türkiyənin Qara dəniz sahilindəki ən böyük adası hesab olunur. Qara dənizdə üç adadan biri olan Giresun adasının yaranması eramızdan əvvələ təsadüf edir. İnsan yaşamı üçün əlverişli olan adada orta əsr divarları, 1 kilsə, 1 ibadətgah, çoxlu türbə tikililəri var. Qazıntıları davam edən adanın tarixi arxeoloji tapıntılar eramızdan əvvəl 300-cü ilə aiddir.

İstər mifologiyadakı yeri, istərsə də üzərindəki mədəni sərvətlər baxımından Şərqi Qara dəniz bölgəsinin yeganə məskunlaşan ada olan Giresun adası həm də quş növlərinin çoxalması və yaşayış yeri hesab olunur. 

Ada çoxlu mistik hekayələri ehtiva edən əhəmiyyətli bir bölgə kimi də tanınır.
Yerli xalqın dediyinə görə, əvvəllər bura Amazonların yaşadığı ərazi olub. Tarixi mənbələrdə qeyd olunur ki, Amazon kraliçaları müharibə tanrısı Aresin adına burada məbəd tikdirib. Bu məbədin qalıqları hələ də adada qalır. 


Eyni zamanda keçmişdə genuyalılar və venesiyalılar adadan uzun müddət gəmi sığınacağı kimi istifadə ediblər. 


Adada tapılan “Həmzə Daşı” isə 3 ayaq üzərində oturmuş, ana ilahəsi Kibeləni təmsil edən bir daşdır. Müqəddəs daş dini inanclara görə yaşlılara ümid bəxş edən, mistik güc mənbəyi olan dilək daşıdır. Bundan  başqa övladı olmayan cütlüklər qayanın ətrafında “Həmzə Daşı”na dua edir, hətta adada gecələyirlərmiş. 

 

Başqa bir əfsanə isə padşah Mithridatın qızı ilə bağlıdır. Bir çox zadəgan padşahın gənc və gözəl qızı ilə evlənmək istəsə də, qız onların heç birini istəmir. Çünki gənc qız qala kənarında qoyunları otaran çobanı sevir. Padşah isə buna qəzəblənərək, qızını adadakı monastırda əsir saxlayır. Daha sonra çobanı tutur və onu monastırın qarşısındakı albalı ağacından asdırır. Ertəsi gün qız özünü monastırın qülləsindən asır. Beləcə ada qovuşa bilməyən gənclərin məbədinə çevrilmiş olur. 

 

Hər il may ayında məhsuldarlıq və bolluğu təmsil etdiyinə inanılan qayanın ətrafında şənliklər keçirilir. Deyə bilərik ki, Giresun adası həm əfsanələri, həm də ritualları ilə ziyarətçiləri cəlb edir.


Hazırda isə adada yaşayış yoxdur. Amma turistlərin səyahət etməsi üçün şəhər mərkəzindən adaya gündəlik gəmi turları təşkil olunur.

 

Onlar əfsanələrlə dolu adanı cəmi 45 dəqiqəyə səyahət edə bilərlər...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!