2023/2024-cü tədris ili üçün tələbə adını qazananlar arasında şəhid övladları da var. Onlardan bəziləri Azərbaycandakı, digərləri ölkədən kənardakı universitetlərdə təhsil alacaq.
İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun qızı Aysu Əsgərli də bu il tələbə adını qazananlar arasındadır. Aysu təqaüdlə Bursa Uludağ Universitetinin Diş həkimliyi ixtisasına qəbul olub.
Şəhidimizin qızı Modern.az-a açıqlamasında təəsüratlarını bölüşüb.
O, ali məktəbə daxil olaraq atasının daha bir arzusunu yerinə yetirdiyini bildirib:
“Qardaşımın doğum günü idi. Müəllim zəng etdi ki, universitetə qəbul olmuşam, 100% təqaüdlə. Gələcəkdə atamın arzularını yerinə yetirmək və uşaqlıq xəyalımı gerçəkləşdirmək istəyirəm. Diş həkimi olmaq istəyirəm. Atam da həkim olmağımı istəyirdi”.
Azərbaycan Ordusunun şəhid polkovnik-leytenantı Atəm Əliyevin oğlu Vaqif Əliyev də tələbə adını qazanıb. O, Giresun Universitetinin iqtisadiyyat fakültəsində oxuyacaq.
Vaqif Əliyevin anası Xəyalə Vəliyeva saytımıza açıqlamasında oğlunun uğuruna həddindən artıq sevindiyini bildirib.
“Vaqif Türkiyənin Giresun Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 380 bal toplamışdı. O xəbəri YAŞAT düşərgəsində öyrəndi. Sonra isə mənə xəbər verdi.
Əvvəldən də Türkiyəni seçmək istəyirdi. Tək uşaq olduğu, biz də burada tək olduğumuz üçün getməsini istəmirdik. Başqa şəhid övladlarından da Türkiyəni seçənlər var. O da ona görə qardaş ölkəni seçdi. Onun fikrinə hörmətlə yanaşdıq və seçimimiz Türkiyə oldu. Atasının arzusu onun iqtisadçı olması idi. Ona görə də iqtisadiyyat fakültəsini seçdik, oraya da qəbul oldu”, - o deyib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarıb mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetiriblər. Orxan Əsgərovun cənazəsi 29 yanvarda Bakıya gətirilib və İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Atəm Əliyev isə Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 24-də Ağdaş rayonunun Abad kəndində dəfn olunub.