“Media forum” saytının suallarını “Modern.az” saytının gənc əməkdaşı Aytən Əliyeva cavablandırır.
- Necə oldu jurnalistikaya gəlişiniz?
- Orta məktəbdə oxuyarkən televiziyada Qənirə Paşayevanın hamını qabaqlayıb prezident Heydər Əliyevi sorğu-suala tutması diqqətimi çəkmişdi və fikirlər qurmağa başlamışdım ki, mən də jurnalist olacam. Ən çox ANS-ə baxırdım, mərhum Çingiz Mustafayevin kadrlarını izləyirdim və hər gün bu kanal məni jurnalistikaya bir az da yaxınlaşdırırdı.
...Oxumaq istədiyim 8 ixtisas arasında jurnalistikanı da yazdım və qəbul olundum. Jurnalistikaya daxil olduğumu biləndə isə ağlamışdım. Çünki topladığım balla tərcüməçiliyə qəbul olunacağıma ümid edirdim. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olandan sonra qərarıma peşman olmadım. Dünyagörüşüm dəyişdi, həyata başqa cür baxmağa başladım və özünə qapanan, utancaq Aytən tamam başqa cür oldu. Bir növ özümü kəşf etdim.
- Niyə məhz jurnalistikanı seçdiniz?
- Özümdə formalaşdırdığım ideallar məni bura çəkdi. Ola bilsin ki, şöhrət qazanmaq istəyinin də rolu oldu. Azərbaycanın məni tanıması kimi düşüncələr jurnalistikaya yaxınlaşmağıma səbəb oldu.
- Ən çox nə çəkir sizi jurnalistikada?
- Jurnalistikada məni hər şey çəkir, daim xəbər əldə edirsən, məlumatlı olursan, ölkədə baş verən hadisələri bilirsən. Axşam evə gedəndə kim nə deyir, qayıdıram ki, mən çoxdan bilirəm, hətta onları bilmədikləri barədə məlumatlandırıram. Bu yaxınlarda iki həftəlik məzuniyyətə çıxdım. Çox könülsüz getdim, özümü qəribə hiss edirdim, işdən heç getmək istəmirdim. Məzuniyyətim bir aylıq idi, amma iki həftədən sonra qayıtdım. Xəbərsiz və işsiz qala bilmirəm. Mən xəbərlərin içində itib-bataraq dincəlirəm.
- Universiteti bitirəndən “Modern.az” saytında işləyirsiz. Qəzetdə, radioda, televiziyada çalışmaq barədə düşünmüsünüzmü?
- Universitetdə oxuyarkən hamı kimi mən də televiziya jurnalisti olmaq istəyirdim, hətta bununla bağlı kurslarda da olmuşam. Amma 2010-cu ildə universiteti bitirib televiziyalara üz tutanda heç birində iş tapa bilmədim. Oktyabrda “Modern.az”a təsadüf nəticəsində gəldim və qəbul olundum, noyabrdan işə başladım. O gündən buradayam. Çox şey öyrənmişəm. Öyrəndiklərimə və mənə işləməyə şans verdiklərinə görə redaktorlarım Elşad müəllimə, Əfqan müəllimə minnətdaram. Sonradan gördüm ki, elə mənimki xəbər saytında işləməkdir, operativ xəbərləri tapmaq, yazmaq, xəbər uğrunda mübarizə aparmaq və onu hamıdan tez vermək. Mübariz olduğum üçün bu iş məndən ötrü əziyyət deyil, əsl əyləncədir. İndi fikirləşirəm ki, mən televiziya və ya radioda işləyə bilməzdim. Bu müddətdə müxtəlif xəbər saytları, məşhur informasiya agentlikləri, eyni zamanda dövlət qurumlarından təkliflər gəlib, amma nədənsə buradan ayrıla bilmirəm. Bu iş yeri mənə doğmadır.
- Bəs jurnalistikada xanım olmaq nədir?
- Jurnalistikada xanım olmağın fərqini ilk dəfə televiziya kursunda gördüm. “Qul bazarı”ndan reportaj hazırlamağa getmişdik. İnsanların xanım jurnalistlərə nəzərlərini görmüşdüm və onlara nifrət etmişdim. Bu günə kimi xanım olduğum üçün nə ayrı-seçkilik, nə də başqa nəsə müşahidə etməmişəm. Dövlət qurumları ilə normal danışıram, inadkarlıq edib cavabları alıram, hətta nəsə olanda mənə zəng edib başqalarına necə qışqırırlarsa mənə də, xanım olmağımın fərqinə varmadan, o cür qışqırırlar.
- Daha çox hansı janr və mövzuda yazmağı sevirsiniz?
- Xəbər yazmağı sevirəm. Elə gəldiyim gündən sosial sahələrdə, təhsil, səhiyyə, turizm, gənclər, ekologiya sahələrində işləmişəm, xəbərlər yazmışam. Amma müsahibələrim, reportajlarım da olur.
- Gənc jurnalist olaraq Azərbaycan mətbuatının vəziyyəti haqda nə düşünürsünüz?
- 3-4 il öncə ilə müqayisədə bu gün bir az irəliləyiş var. Bu da xəbər saytlarının, onların daha açıq və sərbəst informasiya vermələrinin nəticəsində olub. Qəzetlərdə və televiziyalarda internetdəki sərbəstlik yoxdur.
- Bizim ölkədə jurnalist olmaq maraqlıdırmı, yoxsa çətin və təhlükəlidir?
- Bizim ölkədə jurnalist olmaq maraqlı deyil, çünki xəbər azdır, hadisə, olay yoxdur. Müəllimlərimizdən biri deyirdi ki, təyyarə qəzası fəlakətli hadisədir, amma jurnalist xəbər yazacağı, araşdırma aparacağı üçün bu cür hadisələrə sevinir. Bu ilin əvvəlində olanları xatırlayanda müəllimin haqlı olduğunu başa düşdüm. Nə qədər acınacaqlı hadisələr olsa da, xəbər bolluğunda üzürdük.
Amma ümumilikdə bizim mühitdə hər gün bir-birini əvəzləyən günləri və yenidən işlənən mövzuları, cavabları bəlli sualları müşahidə edirik. Yazmaq prinsipindən asılı olaraq peşəmiz çətin və təhlükəli ola bilər. Ailəsini, uşaqlarını düşünənlər buna getməyəcək. Bunu edənlərin isə son aqibəti bəllidir.
- Mətbuatda nəyi dəyişmək istəyərdiniz?
- Məndən asılı olsaydı çox şeyi. Amma əlimdə olmadığı üçün heç bir şey edə bilmirəm. Ona görə danışmağın da bir əhəmiyyəti yoxdur.
- Qazancınızdan razısınızmı?
- İnsanlar daha yaxşı yaşamağı sevirlər. Əgər dünənə qədər 100 manat alıb, bu gün 200 manat alırsansa, sabah bundan çox almaq istəyəcəksən. Ümumilikdə jurnalistikada əmək haqları demək olar ki, eynidir. Əmək haqqım normaldır.
- Ölkədəki vəziyyət sizin jurnalistikada arzuladığınız səviyyədə fəaliyyət göstərməyinizə imkan verirmi?
- Yox, vermir. İstənilən xəbəri hazırlamaqda məhdudiyyətlər olur və ya hazırladıqdan sonra kimlərinsə məhkəmə hədələri ilə qarşılaşmalı olursan. Sözün düzünü yazdığıma görə məni hətta “reket jurnalist” adlandıranlar da olub.
- Başınıza gələn maraqlı hadisələrdən danışa bilərsiniz?
- Bir dəfə Milli Elmlər Akademiyasının institutlarından birinin məsul şəxsi ilə danışmalıyam, saytdan nömrəsini götürüb zəng etdim, məni onunla calaşdırmalarını istədim. Mümkün olmadığını deyəndə dirəşdim və sonda məlum oldu ki, adı hələ də institutun siyahısında olan adam çoxdandır rəhmətə gedib.
Modern.az