Modern.az

Vəfa Quluzadə: “Azərbaycanın Rusiyanın dəstəyinə böyük ehtiyacı var”

Vəfa Quluzadə: “Azərbaycanın Rusiyanın dəstəyinə böyük ehtiyacı var”

13 Avqust 2013, 13:46

“Seçkiqabağı Azərbaycanın Rusiyanın dəstəyinə böyük ehtiyacı var. Bundan istifadə edən Rusiya Azərbaycanı özündən aslı vəziyyətə saldı” . Bu fikirləri tanınmış politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini Modern.az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Putinin seçkiöncəsi Bakıya səfəri heç də təsadüfi deyil:

“Azərbaycana Rusiyanın marağı həmişə böyük olub. İndi Azərbaycana nəzarəti bərpa etmək üçün ən əlverişli vəziyyətdir. Rusiyada bu şəraitdən gözəl istifadə edir. Mən hesab edirəm ki, indiki şəraitdə Azərbaycan Rusiyanın bütün istəklərini həyata keçirmək arzusunda ola bilər. Ona görə ki, hazırda Azərbaycanın Rusiyanın dəstəyinə böyük ehtiyyacı var. Mən seçkiqabağı vəziyyəti nəzərdə tuturam. Sözsüz ki, Qərbin soyuq münasibəti göz qabağındadır. Bir müddət Rusiyada soyuq münasibət nümayiş etdirdi. Anlaşılandır ki, Rusiya bunu ona görə etdi ki, Azərbaycan ən son ümidsiz vəziyyətə çatdırılsın. Bu ağır vəziyyətdə Rusiya öz tələblərini irəli sürdü, Azərbaycan da qəbul elədi”.

V.Quluzadə hesab edir ki, Putinin Bakı səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərməyəcək.

“Putinin bu səfərindən sonra Qarabağ məsələsindən bir dəyişiklik olmayacaq. Çünki, o özü deyib ki, “Ermənistan və Azərbaycan gedib razılığa gəlsin, mənə nə dəxli var”. Bu fikri Putin səsləndirib. Putin yenə bu mövqedədirsə məsələ dondurulmuş vəziyyətdə qalacaq. Rusiya istəyir ki, Azərbaycan daim ondan aslı olsun. Biz də asılı vəziyyətdəyik”-deyə V.Quluzadə şərh edib.

Politoloq daha sonra Putinin seçkiöncəsi Bakıya gəlişinin onun Azərbaycan hakimiyyətinə dəstəyi kimi qiymətləndirilməsi məsələsinə toxunub. O bildirib ki, indiki reallıqda Azərbaycanda seçkilərə xarici qüvvələrin təsirinin olması danılmazdır.

“Məsələ ondan ibarətdir ki, Azərbaycanda xalq aktiv olsa nə Rusiya, nə də Qərb ölkələri, heç kim xalqın arzusu qarşısında dayana bilməz. Xalq passiv olduğuna görə, Azərbaycana xarici qüvvələrin təsiri böyük olur”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı