Modern.az

Rus şair Heydər Əliyev Fonduna müraciət etdi

Rus şair Heydər Əliyev Fonduna müraciət etdi

13 Avqust 2013, 12:59

 


Bakı sakini Boris Vladimiroviç Qlebov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya müraciət edib.

"Media forum" saytının məlumatına görə, Boris Qlebov müraciətində bildirib ki, 1990-cı ilin iyul ayının 14-də Bakıda doğulub: “Atam Vladimir Qlebov rus, anam Tatyana Vasilyevna Qlebova moldovandır. Hər ikisi Azərbaycanda yaşayıb, burada vəfat ediblər. Anam 1993-cü ildə, atam isə 2006-cı ildə dünyasını dəyişib. Onlar Bakının Qurd qapısı qəbiristanlığında torpağa tapşırılıblar. Bacı-qardaşım yoxdur, ailənin yeganə övladı olmuşam. Atam gənc yaşlarında gəmiçilik sahəsində işləyib, ömrünün sonlarında isə mənzil istismarı sahəsində elektrik ustası kimi çalışıb. Anam “Semaşko” xəstəxanasında kiçik tibb bacısı olub.

Mən 11 yaşda olarkən uşaq evinə düşmüşəm, Mərdəkan qəsəbəsində yerləşən “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı xüsusi internat məktəbi”ndə yaşayıb təhsil almışam. 9-cu sinfi bitirəndən sonra isə internatdan çıxmışam. Mağazalarda yük daşımaqla, daş karxanasında daş daşımaqla çörəkpulu qazanmışam.

Hazırda avtomobil dayanacağında qarovulçu işləyirəm. Burada mənə cüzi əməkhaqqı və yemək verilir. Yaşamağa yerim yoxdur. Küçələrdə, zirzəmilərdə yatıram. Hazırda Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsi 13-də, binanın qarşısındakı skamyada gecələyirəm. Bu günlərdə havalar sərin keçdiyi üçün 13-cü binanın sakinləri binanın 2-ci blokunun ikinci mərtəbəsində, pilləkənin döngəsindəki boş yerdə mənə çarpayı qoyublar. Sakinlər vaxtaşırı mənə yemək, su verirlər, sağ olsunlar. Ancaq məlum məsələdir ki, bütün bunlar yalnız müvəqqəti xarakter daşıya bilər, mən isə normal həyata qayıtmaq istəyirəm. Sənədlərim bir neçə il əvvəl oğurlanıb, hazırda şəxsiyyətimi təsdiq edən heç bir sənədim yoxdur. Səhhətimdə də problemlər mövcuddur, məndə nitq qüsuru və əqli zəiflik var”. 

Boris Qlebovun məktubu bu sözlərlə bitir: “Çox hörmətli Mehriban xanım! Sizin sonsuz xeyirxahlığınıza, qayğınıza, çörəyini yediyim, suyunu içdiyim Vətənim Azərbaycanın qüdrətli dövlətinin gücünə güvənirəm. Xahiş edirəm mənim şəxsiyyətimi təsdiq edən müvafiq sənədlərlə və daimi yaşayış yeri – sığınacaqla təmin olunmağıma yardım göstərəsiniz”.

Qeyd edək ki, Boris Qlebov spirtli içki qəbul etməyən, siqaret çəkməyən, bədii mütaliəni sevən və özü bədii yaradıcılıqla məşğul olan bir gəncdir. Azərbaycan dilini bilir, Borislav Bakinski (Борислав Бакинский) imzası ilə rus dilində şeirlər, hekayələr yazır. İnternetdə, “Stihi.ru/avtor/boris1990” ünvanında onun şeirləri, “Proza.ru/avtor/boris1990” ünvanında isə nəsr əsərləri ilə tanış olmaq mümkündür.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı