“KİV işçiləri üçün tikilmiş çoxmərtəbəli binada bəzi texniki məsələlər var ki, onlar da həll edilməlidir. Bu problemlər həll ediləndən sonra jurnalistlər evlərinə köçə biləcəklər”.
Bu barədə Modern.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, bildirib ki, binada bəzi texniki məsələlər səbəbindən jurnalistlər mənzillərinə köçməsi ləngiyir.
“Əgər ora köçmə olarsa deməli hamı köçməlidir. Çünki binanın qazı, suyu, elektriki verilməlidir. Hamı bilməlidir ki, su, qaz, işıq təchizatı necədir. Bütün bunlar olmalı, yenidən yoxlanılmalıdır ki, hamı ora köçə bilsin. Bundan başqa binanın lift sistemi, başqa məsələləri var ki, onlar da həll edilməlidir. Yəni bunlara nəzarət edəcək insanlar təyin olunmalıdır. Mən də bilirəm ki, bu məsələlər səbəbindən ləngimələr mövcuddur”-deyə Əflatun Amaşov bildirib.
Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın hazırda mənzillərin sənədləşmə prosesi gedir. Binanın açılış mərasimi zamanı 156 mənzilin sahiblərinin kimliyi bəlli olsa da onlar hələ ki, rəsmi olaraq həmin evlərə köçməyiblər. Mediaya açıqlamalarından birində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mənzillərin açarlarının jurnalistlərə verilməsi üçün lazımi işlər aparılır. KİVDF rəsmisi orderin alınmasınını vaxt aparan proses olduğundan, jurnalistlərin öz mənzillərinə köçmələrinin uzun çəkəcəyini demişdi.
Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırmışdı. Kitab formasında layihələşdirilən bina iki blok, 16 mərtəbə və 156 mənzildən ibarətdir. Media nümayəndələrinin binasının açılış mərasimi bu il Milli Mətbuat gününü 138-ci il dönümündə baş tutdu. Elə həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün daha bir binanın tikintisi üçün göstəriş verdi.
Gültəkin ƏLƏSGƏR