Ötən həftə Macarıstanda 35-ci Beynəlxalq İnformatika Olimpiadası (İOİ) başa çatıb.
Azərbaycandan 4 iştirakçı bu nüfuzlu olimpiadaya qatılıb.
Nəticələrimiz əvvəlki illərə nisbətən zəif olub.
Cəmi bir şagirdimiz, Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydən Fuad Qarayev bürünc medal qazanıb. İki məktəblimiz isə həvəsləndirici yer tutub.
Modern.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı diqqətçəkən məqamdan danışıb:
“Burada diqqət çəkən məqam həm də odur ki, nüfuzlu olimpiadada nəticələrimiz getdikcə pisləşir:
2020-ci ildə 3 bürünc;
2021-ci ildə 2 bürünc;
2022-ci ildə 1 bürünc;
2023-cü ildə 1 bürünc”.
Maraqlıdır ki, İOİ Təşkilat Komitəsi keçid ballarını azaldıb.
Əvvəllər bürünc 53.30%-lə verilirdi, bu il isə 50.29% nəticə göstərənlər də bürünc əldə edib.
Azərbaycanın olimpiadaya məsul şəxslərinin açıqlamalarına görə, Elm və Təhsil Nazirliyinin bu bilik yarışına hazırlığa ayırdığı resurslar yetərincədir.
Onda nə üçün situasiya belə olmalıdır?”.
O.Gündüz qonşu ölkələrin nəticələrini Azərbaycanla müqayisə edib:
“Ermənistan bu yarışdan 3 bürünc əldə edib. Gürcüstan isə 1 gümüş, 3 bürüc qazanıb.
Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, milli komandanı olimpiadaya hazırlayan qrup daha ciddi işlər aparmalıdır.
Siyahıdan görünür ki, yarışa qatılanlar da xeyli potensialı olan, təcrübəli uşaqlardı. Belə görünür ki məsul şəxslər hazırlıq işlərini düzgün qurmalıdırlar.
İnformatika təmayüllü siniflər üçün proqramlaşdırma və alqoritmlərlə bağlı xüsusi fənlər, kitablar, onlayn resurslar hazırlanmalıdır”.