Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçimində iştirak edəcək abituriyentlərə müraciət ünvanlayıb. Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, indiyədək 30642 abituriyent ixtisas seçimində iştirak edib.
“Abituriyentlərin ixtisas seçiminin başa çatmasına iki gün qalır. 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2013-cü il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər. Abituriyentlərin ixtisas seçimi avqustun 15-i saat 00:00 başa çatacaqdır.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 13 avqust saat 14:00-dək həmin abituriyentlərdən 30642 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib”-deyə TQDK-nın yaydığı məlumatda bildirilib.
Modern.az