Ötən günlərdə sosial şəbəkələrdə İsmayıllının İvanovka kəndində sakinlərin etiraz aksiyası keçirməsi barədə görüntülər yayılıb. İddialara görə, tarixi kəndin sakinləri kolxoz sədrinin özləri tərəfindən seçilməsini istəyirlər.
Sakinlərin verdiyi məlumata görə, hazırda kənd kolxozunun sədri keçmiş rəhbərin müavinidir. Bir qrup kənd sakini kolxoz sədrinin özlərinin seçidiyi şəxs olmasını tələb edib.
Qeyd edək ki, İvanovka sovet dövründən ölkədə qalan sonuncu kolxoza ev sahibliyi edir. 3 minə yaxın əhalisi olan kənddəki kolxozun hazırkı sədri Vasili Novoseltsevdir. O, 2015-ci ildən bu postu tutur. Kəndin kolxozu İvanovkaya 41 il rəhbərlik edən Nikolay Nikitinin adını daşıyır.
Modern.az məsələ ilə İvanovka kəndinin rəsmiləri ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb.
Hadisə ilə bağlı saytımıza açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyətindən kənd sakinləri ilə görüş keçirildiyi bildirilib.
"İvanovka bizim ən dəyərli kəndlərimizdən biridir. Vətəndaşların mövqeyi dinlənilir. Yaxın vaxtlarda narahatlıqları sona yetəcək. Bununla əlaqədar icra başçısı ilə görüşüblər. Heç bir narahatlıq yoxdur", - o vurğulayıb.
İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, vətəndaşların narazılıqlarını sona yetirmək üçün kənddə seçki keçirilə bilər.