Modern.az

Üç mininci

Üç mininci

14 Avqust 2013, 12:08

Natiq MƏMMƏDLİ

14 avqust 2013-cü il üç əsrə şahidlik edən «Kaspi»nin tarixinə bərpa olunduqdan sonra üç mininci sayının işıq üzü görməsi ilə yadda qalacaq əlamətdar bir gün kimi həkk olunur. Dəyərli oxucunun qəzetə baxanda diqqətini ilk cəlb edən təbii ki, manşet yazısı, birinci səhifənin tərtibatı olur. Çox az sayda adam tapılar ki, loqonun aşağısında yer alan buraxılışların sayına diqqət yetirsin. Günlərin bir günü gördük ki, artıq üç mininci sayımızı haqlamışıq. Artan rəqəmlər bizim üçün sadəcə sıra sayı deyil, bu vaxta kimi gördüyümüz işlərin statistik göstəricisi, faydalı iş əmsalımızın rəqəmləşmiş formasıdır. Bu tarix yubiley yaşı olmasa da, 1999-cu ilin martından artıq üç min dəfə oxucularının görüşünə gəlmiş bir qəzetə düşünmək, götür-qoy etmək fürsətini verir.

Bizim sələflərimiz 1881-ci ilin yanvarından başlayaraq düz otuz səkkiz il dayanmadan, fasiləsiz fəaliyyət göstəriblər. Əvvəlcə həftəlik, sonra üç dəfə, daha sonra isə davamlı olaraq gündəlik on min tirajla nəşr olunublar. Qəzetin rus dilində çıxması milli hüquqlar uğrunda mübarizə aparan Azərbaycan ziyalıları üçün geniş meydan, böyük tribuna verirdi. Təkcə Qafqaz müsəlmanları arasında deyil, Yaxın Şərqdə, Misirdə, Orta Asiyada, Volqoboyunda, Krımda geniş yayılan «Kaspi»də M.Şaxtlıdan başlamış, Ağaoğluna, Əli bəy Hüseynzadəyə, Hacıbəyli qardaşlarına, Nərimanova kimi, Zərdabidən Topçubaşova qədər fikir adamları çıxış edir, müsəlman dünyasını mədəniyyətə, cəhalətdən qurtulmağa, öz milli kimliyini tanımağa səsləyirdilər. Qəzetin nəşrindən xeyli müddət sonra mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınması və Azərbaycan mətbuatının babası Zərdabinin əyalətdən Bakıya dəvət olunması təsadüfi məsələ deyildi və bəlkə də hansısa qanunauyğunluğun nəticəsi idi. 1897-ci ildən 1907-ci ilə kimi qəzetə o dövrün tanınmış hüquqşünası, bu ilin yazında 150 illiyini qeyd etdiyimiz Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişdi. Hüquq təhsilli bir şəxsin məhz jurnalistika sahəsinə gəlməsində bir tərəfdən qayınatası Zərdabinin yönləndirici rolu olmuşdursa, digər tərəfdən rusdilli mətbuat Rusiya müsəlmanlarının gələcək liderinə çevriləcək şəxsə mübarizəsinin konsepsiyasını hazırlamaq, ideyalarını daha geniş miqyasda bölüşmək üçün lazım idi. Sələflərimizin bizə miras qoyduqları zəngin tarix barədə çox danışmaq olar, amma əsas məsələ olmuşları sadəcə xatırlamaq yox, həm də onların iziylə gedib adlarına layiq olmaqdır. Bir məqamı xatırladaraq tarixdən bu günümüzə keçid eləmək istəyirəm. Tarixi «Kaspi»çilər 38 il ərzində onun 10 min 65 nüsxəsini buraxıblar. Bütün bunlar çarizmin senzurasının gözü qabağında, birinci dünya müharibəsinin, Rusiyanı silkələyən iki inqilabın, dövlət çevrilişinin və nəhayət, müstəqil cümhuriyyətimizin tarix səhnəsinə qədəm qoyduğu dövrlərdə baş vermişdi.

Milli mətbuat tariximizdən danışanda «Kaspi»nin adının layiqli səviyyədə çəkilməməsi bir tərəfdən onun üzərinə vurulmuş burjua damğasından irəli gəlirsə, digər tərəfdən qəzetin özünün bir qayda olaraq rus mədəniyyətinin təbliğatçısı olmasından qaynaqlana bilərdi. Sələflərimizin buraxdığı qəzetin mətbuat tarixində və ictimai fikirdə yerini belə qiymətləndirmək olar - «Kaspi» Avropa tipli Rusiya yönümlü bir qəzet olub.

Amma bu fikirlər kiməsə onları milli düşüncədən uzaq olmaqda ittiham etmək fürsəti verə bilməz. Qəzetin ilk yaradıcısı və baş redaktoru Kuzmin hələ 1891-ci ildə Qafqaz senzorundan nəşrin tatar (Azərbaycan türkcəsində-red.) əlavəsini buraxmağı xahiş edir. Və qəzet üçün yaxşı bir ad da təklif edir: «Çıraq». Amma senzor buna qəti şəkildə etiraz edərək bildirir ki, «Kaspi»də yazılanların tatar dilinə tərcüməsi təhlükəli ola bilər.

Köhnə «Kaspi»çilərin yandırmaq istədikləri «çıraq» 108 ildən sonra alovlandı. 1999-cu ilin martında filoloq–alim Sona Vəliyevanın təşəbbüsü ilə «Kaspi» nəhayət, ana dilimizdə nəşrə başladı. Bu gün həmin bərpa dövründən sonra artıq 3 mininci sayımız işıq üzü görür. Yenə də həftəlik, sonra həftədə iki dəfə, nəhayət davamlı olaraq gündəlik.

Zaman həmişə hər şeyi öz rəngində görmək istəyir, çox şeyləri dəyişdirib, çox idealları deformasiyaya uğradıb. Zaman öz rəndəsini heç də həmişə müdrik ustalara etibar etməyib, bəzən naşı, bəzən yöndəmsiz, bəzən də dəyərsiz qəliblər icad edib. Hamını öz həqiqətinə inandırmaqdan ötrü təkid edib, damazlıq üçün deyilən ürkək alternativ fikri belə özünə yaxın buraxmayıb. Ancaq o da var ki, gözü tərəzi olan xalqa istehsal etdiyin fikir məhsulunu qəbul etdirmək, yəni qəzetini oxutdurmaq istəyirsənsə, onun qapısını, pəncərəsini gərək hamının üzünə açasan. Gərək bütün zümrələr öz dərd-sərlərini, uğurlarını, adi məişətdən tutmuş bütün müstəvilərə qədər onlara toxunan nə varsa hər şeyi qəzetin səhifələrində görə bilsin. Bunun adına plüralizm deyirlər. Bu qızıl ortanı saxlamaq ümummilli qəzet formatında çıxmaq deməkdir. Qəzet gərək ümummilli olsun… Qəzet gərək hamının olsun…

Yuxarıda qeyd elədim ki, tarixi «Kaspi» Avropa tipli Rusiya yönümlü olub. Əvvəlcə neft burjuaziyasının, sahibliyi Tağıyevə keçdikdən sonra isə həm də Azərbaycan ziyalılarının maraqlarından çıxış edib. Sələflərimiz çarizmin mütləq monarxiyası dövründə uzun ömürlü qəzet buraxmağın, belə desək, optimal yolunu tapa biliblərmiş; əsasən neft sənayesindən, mədəniyyətdən yazmaq. Tarixi dönüş məqamlarındasa qələmlərini milli maraqların keşikçisinə çevirməyi də bacarıblarmış. Bir faktı da deyim ki, 1907-ci ildə Topçubaşovun həbsindən sonra qəzetin 300-dən artıq sayı ömrünün sonlarını yaşayan Zərdabinin şəxsən öz imzasıyla nəşr olunub. Bu, «Əkinçi»dən dəfələrlə çoxdu. Bu baxımdan, «Kaspi» həm də Zərdabinin mətbu irsinin davamıdır desək, səhv etmərik.

İndi müasir «Kaspi» gündəlik Azərbaycan, həftəlik rus dillərində işıq üzü görür. Avropa tipli idarəetemə, jurnalistikaya yanaşma tək bizim yox, bütün qəzetlərimizin əsas prinsipi olsa da, yönümüz başqa dövlətə tərəf çevrilməyib. «Kaspi» Azərbaycan dövlətinin maraqlarını müdafiə edən, bu maraqlardan çıxış edən qəzetdir. Amma bu qəbildən olan nəşrlər arasında da fərqli yerə malikdir, bunu təvazökarlıq kimi qiymətləndirməyəə də bilərsiniz, sadəcə, mənim qənaətim belədir. Hər şey müqayisədə üzə çıxır, siz də müqayisə edin, mənimlə razılaşacağınızı bilirəm. Necə deyərlər, görünən dağa nə bələdçi…

Son illər nəşr olunan «Ədəbiyyat» əlavəmiz «Kaspi»yə yeni təravətli nəfəs gətirdi, onun qapılarını fikir adamlarının üzünə daha geniş açdı. Bu, artıq əlavə yox, elə qəzet içində qəzetdir. Keçən ildən həftə sonları «Teatr» əlavəsinin nəşrinə başladıq. Maraqla qarşılandı və mübaliğəsiz deyə bilərəm ki, ölkənin gənc teatrşünaslarının ardıcıl çıxış etdiyi yeganə nəşrdir. Babalarımız Azərbaycan dilində, biz də onların irisinə sahib çıxmaq üçün həm də rus dilində qəzet buraxmağı arzulayırdıq. Artıq bu ilin sentyabrında həftə sonları oxucuların görüşünə gələn rus dilində «Kaspiy»in təkrar işıq görməsindən bir il ötəcək. Saytımız isə on-line formada Azərbaycan və rus dillərində işləyir. Bu işlərlə kifayətlənmək yox, onları daha geniş müstəvilərə daşımaq lazımdır.

Bütün bunlar «Kaspi»ni fərqli edir. Palaz boyda təmənnalı yazılardan, az qala orfoqrafik səhvləri də bir-birini təkrarlayan trafaret cümlələrdən, demokratik cəmiyyət haqqında bir vaxtlar pambıq tarlasını vəsf edirmiş kimi uydurulan pafos yığınlarından, köhnəlmiş və yöndəmsiz tərtibatlı nostalji qəzetlərdən bezən oxucu «Kaspi»ni vərəqləyib fərqli auraya düşəndə, «belə də olarmış» deyə düşünür. Bu baxımdan nə qədər mübaliğəli çıxsa da, deməliyəm ki, «Kaspi» həm də zövqlü oxucunun immunitetini qaldırır.

Dəyərli oxucu, üç mininci görüşümüz başa çatır. İnanıram, yenə də görüşəcəyik. Bizi oxumaqda davam etdiyiniz üçün dərin təşəkkürlər!

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj