“Ümumiyyətlə, heç bir ölkə Azərbaycanda hərbi sahədə təhlükəsizliyi təmin etmir. NATO ilə əməkdaşlıq edirik, onun proqramlarında iştirak edirik, amma Azərbaycanda heç bir dövlətin, heç bir beynəlxalq təşkilatın, qurumun hərbi qüvvələri təmsil olunmayıb”.
Bunu Modern.az-a ölkəmizin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov deyib.
O, Rusiya prezidenti Vladimir Putunin Azərbaycana səfərinin gedişində tərəflər arasında hərbi sahəyə aid çoxsaylı məsələlər razılaşdırılması və bu prosesin Azərbaycanın milli təhlükəsizlik maraqları üçün ciddi təhdidlər yaradacağını, Azərbaycan NATO ilə onsuz da zəif olan əməkdaşlığını dayandıracağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Bu gün Azərbaycanın Xəzərdən təhlükəsizliyi Azərbaycan silahlı qüvvələri tərəfindən qorunur. Strateji əhəmiyyətli obyektlər, Azərbaycan dövləti, silahlı qüvvələri və aidiyyatı orqanlar tərəfindən mühafizə olunur. Ona görə də bu fikirləri deyənlər görünür hərbi sahədə məlumatsızdırlar. NATO ilə həm siyasi, humanitar, iqtisadi sahədə əməkdaşlıq edirik. Azərbaycan NATO-nun üzvü deyil ki, onun hərbi sahədəki təminatında iştirak edək. Azərbaycan və Rusiya arasında müqavilə var və bunun nəticəsində də ölkə prezidentinin dediyi kimi bir neçə milyard dəyərində Azərbaycan Rusiyadan hərbi texnika alıb. Bunun özü də hərbi sahədə əməkdaşlıq deməkdir. Rusiya prezidentinin ölkəmizə səfəri zamanı bu kimi məsələlər müzakirə olunub. Eləcə də hərbi sahədə təlimlərin keçirilməsi və Azərbaycan tələbələrinin Rusiyanın hərbi məktəblərində oxuması da bu əməkdaşlığa aiddir. Amma bunların heç biri o demək deyil ki, hansısa dövlət Azərbaycanın təhlükəsizliyini təminatında iştirak edir. Azərbaycan təhlükəsizlik və ordu baxımından güclü dövlətdir. Özü-özü təhlükəsizliyini təmin edir. Odur ki, Azərbaycan bütün tərəflərlə bizim balanslaşdırılmış siyasət aparır”.
Gültəkin ƏLƏSGƏR