Modern.az

Sentyabrın 8-də Azərbaycan Mütəllibovu ilk prezident seçmişdi - 32 il əvvəlki TARİX

Sentyabrın 8-də Azərbaycan Mütəllibovu ilk prezident seçmişdi - 32 il əvvəlki TARİX

Reportaj

8 Sentyabr 2023, 12:27

8 sentyabr Azərbaycanda ilk prezident seçkilərinin keçirildiyi tarixdir. Modern.az-ın məlumatına görə, 32 il əvvəl, 1991-ci ildə baş tutan həmin seçkilərdə Ayaz Mütəllibov qələbə qazanmışdı.

İlk prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsindən (30 avqust 1991-ci il) 10 gün sonra keçirilmişdi. Seçkilərdə bir namizəd vardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov.

O, səslərin 98,5%-ni topladı və Azərbaycan Prezidenti seçildi.

Həmin seçkilərdə prezidentiyə namizədliyini irəli sürən daha bir nəfər var idi. 90-cı illərdə Azərbaycan siyasətinin önəmli firqurlarından biri, çıxışları, fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan Zərdüşt Əlizadə…

1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan, 1989-1990-cı illərdə Azərbaycan Sosial-Demokrat Partiyasını quran Zərdüşt Əlizadə də prezidentlik postu üçün namizədliyini irəli sürmüşdü.



Lakin seçkilərə az qalmış - sentyabrın 2-də Mərkəzi Seçki Komissiyası Sosial-Demokrat Partiyası Mərkəzi Komitəsinin üzvü Zərdüşt Əlizadənin namizədliyini geri götürməsi ilə bağlı ərizəsinə müsbət cavab verib.

Beləliklə, Zərdüşt Əlizadə namizədliyi geri götürdü, Ayaz Mütəllibov isə alternativsiz mübarizə apardı.

Hzırda politoloq kimi fəaliyyət göstərən Zərdüşt Əlizadə Modern.az-a əvvəlki müsahibələrinin birində həmin dövrü belə xatırlayıb:

“Mənim əmək kollektivləri ilə görüşməyim də daxil olmaqla, mənasız qadağalar qoyulmuşdu. Prezidentliyə namizəd kimi istifadə etdiyim tək imkan yarım saatlıq açıq çıxışlarım idi. Sentyabrın 8-i seçki keçirildi, plakatlarımı isə sentyabrın 11-i mənə verdilər. Lakin hər yerdə Ayaz Mütəllibovun böyük plakatları var idi”.


Zərdüşt Əlizadə əslində prezident olmaq istəmədiyini, sadəcə, partiyasının məramlarını xalqa çatdırmaq arzusunda olduğu üçün namizədləyini vermək qərarına gəldiyini deyib.
 

“Məqsədim prezident olmaq deyildi. Sadəcə təmsil etdiyim Azərbaycan Sosial Demokrat Partiyasının tapşırığını yerinə yetirməli, baxışlarını əhaliyə çatdırmalı idim.  
O vaxt mən və Ayaz Mütəllibovdan başqa namizədliyini verənlərin olmamasının da səbəbləri var idi. Belə ki, Xalq Cəbhəsi 20 Yanvar hadisəsindən sonra tamamilə dağılmış vəziyyətdə idi. Ona görə də həmin təşkilatın Ayaz Mütəllibovla rəqabət apara biləcək, sözünü deyəcək adamları yox idi”.

 

Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub.
 

Orta məktəbi bitirdikdən sonra o, 1956-1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb.
 

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışıb.
 

O, 1990-cı ilin 25 yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
 

1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk Prezidenti seçilib. 1992-cı il martın 6-da istefa verib.

Qeyd edək ki, A.Mütəllibovu istefaya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli qətliamdan sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifətin tələbi ilə çağırılan  növbədənkənar sessiya məcbur etmişdi.
Lakin az sonra mayın 14-də yenidən prezident postuna qayıtdığını elan edən A.Mütəllibov Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında yenidən istefası barədə sənədi imzalamalı oldu və ölkəni tərk edərək Moskvaya köçdü.
 


O, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb

Ayaz Mütəllibov 1999–2003-cü illərdə Vətəndaş Birliyi Partiyasının sədri, 27 avqust 2003-cü ildən Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. Partiyanın 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdi.

A.Mütəllibov Moskvadan Azərbayacan 2012-ci ildə qayıdıb.

2022-ci il martın 27-də 84 yaşında vəfat edib. Mərhum eks-prezident Birinci Fəxri xiyabanda dəfn olunub.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur