Bu gün Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti öz işinə başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 gün davam edəcək sammitdə bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.
Bu gün toplantı başlayanda Hindistanın baş naziri Narendra Modi Afrika İttifaqını G20-yə daimi üzv kimi qəbul olunması münasibətilə təbrik edib.
Modinin sözlərindən sonra Hindistanın xarici işlər naziri Subramanian Caişankar Komor adalarının prezidenti və Afrika İttifaqının sədri Azalee Assoumaniyə yaxınlaşaraq, onu G20 üzvlərinin masasındakı oturacağına qədər müşayiət edib və qarşısında Afrika İttifaqının işarəsi və bayrağını yerləşdirib.
Beləliklə, G20-də Afrika İttifaqı - Afrika qitəsinin 55 dövlətini birləşdirən təşkilat – digərləri ilə ilə eyni statusa malik olacaq.
Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.
Budəfəki sammitə daha doqquz ölkənin - Banqladeş, Misir, İspaniya, Mavriki, Nigeriya, Hollandiya, BƏƏ, Oman və Sinqapur liderləri də dəvət olunub.