Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərini “taxıl müqaviləsi”ni bərpa etmək üçün Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg-in məlumatında bildirilib.
Ərdoğan bu çağırışı Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitində səsləndirib.
Ərdoğanın sözügedən çağırışı liderlərlə qapalı görüşlərdə dilə gətirdiyi bildirilir.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrinin liderlərini Ukrayna taxılının tədarükünə və dünya ərzaq qiymətlərini aşağı salmağa imkan verən sövdələşməni bərpa etmək üçün Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırır”, - agentliyin açıqlamasında deyilir.
Adı açıqlanmayan türkiyəli rəsminin sözlərinə görə, Ərdoğan dünya liderlərindən “Rusiyanın ərzaq və gübrə ixracının Londondakı Lloyd's tərəfindən sığortalanmasına yardım göstərməyi” və Moskvanı SWIFT beynəlxalq ödəniş sisteminə qoşmağı xahiş edib.
Rusiya diplomatik xidmətinin avqustun 24-də verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə bildirib ki, Rusiya “taxıl müqaviləsi”nə yalnız Rusiya tərəfi qarşısında bütün öhdəliklər yerinə yetirildiyi təqdirdə qayıdacaq.
Taxıl sazişi iyulun 18-də dayandırılıb: Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni sazişin uzadılmayacağı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Moskva ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri öz vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələri, o cümlədən Afrika ölkələrini taxılla təmin etmək heç vaxt həyata keçirilməyib.
A.Qorxmaz