Modern.az

Abbas Əliyevin yeni qəzəlləri

Abbas Əliyevin yeni qəzəlləri

Ədəbi̇yyat

9 Sentyabr 2023, 16:55

Gecələr
 

Ulduzlar həmsöhbətim, sənsiz tərki-dünya oldum

Yeganə həmdəmimlə dərdimi böldüm gecələr

Telini çox oxşadım hər gün xəyalımda, gözəl

Səninçün ziyalardan çox çələng hördüm gecələr

Tənhalıq üzdü məni, qəmə qərq oldum, gülüm

Süzülən göz yaşımı xəlvəti sildim gecələr

Həsrət nə, məhəbbət nə, sevgi nədir? Duymadın, yox

Bu odun atəşinə tək yandım, bildin gecələr?

Bu qədər eşqi-əzab, möhnəti versən də mənə

Xəyallar aləmimdə açılmış güldün gecələr.

Gündüzlər kənar gəzdin, dözdüm, axı neyləməli?

Yuxuma gəlmədin heç, vallahi öldüm gecələr.

***

Olaram

 

Demə ki, ay əzizim, dəli sevdam ağlım alıb

Səni hər gördükcə mən ağlıma heyran olaram.

İnsaf et, ay gözəlim, yandırma çox, qədrimi bil,

Bilməsən tərki-dünya, bilmirəm hayan olaram.

Bu qədər zülm eylədin, dözdüm, sənə can söylədim

Çün səni görməyəndə mən də canımdan olaram.

Nə olar hay verəsən, sevgi haraylarıma sən

Hər ülkər baxışına əbədi ünvan olaram.

Sən də gər mənim kimi eşqə mübtəla olsan

Sənə həm loğman olar, həm də ki, dərman olaram.

Eybi yox, çək sınağa, yandır hələ şairi sən

Bir sənə eşqim üçün min yol imtahan olaram.

Bir zaman aşiq Abbas vida etsə bu dünyaya

Ölmərəm, onda da mən eşqimə qurban olaram.
                 

***

Deyim?

 

Sənə ey sevgili yar, eşqimi pünhanmı deyim?
Canım alırsan bu qədər, indi sənə canmı deyim?

Gül, aləmə nur saç ki, isinsin həyatım
Bir şirin təbəssümə özümü qurbanmı deyim?

..Dün görsən də məni, əvvəlkitək kənar qaçdın
Qəlbimin həsrətinə sel deyim, tufanmı deyim?

Sevgidə vəfalıdır, min əzabı çəkər Abbas
Tək dözə bilmədiyim eşqdəki “böhrandı”, deyim?

İncitsən sevməyəcəm? Bu ağ yalandır, gözəlim
Duruban bu yaşımda özümə böhtanmı deyim?

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü