“Putinin Azərbaycana səfərini ikitərəfli münasibətlərin davamı, inkişafı, yeni mərhələyə keçməsi kimi qiymətləndirirəm”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi, millət vəkili Emira Axundova deyib. O, Putinin Azərbaycana səfəri və burada məhsuldar danışıqlar keçirməsini çox yüksək qiymətləndirdiyini bildirib. “Bu, onun göstəricisidir ki, Rusiya kimi nəhəng dövlət və onun çox milyonluq əhalisi prezidentimizin kursunu bəyənir, onu bu postda görmək istəyir və onunla iş qurmaq əzmindədir”.
V. Putinin Azərbaycanla bağlayan əlaqələrin çox olduğunu deyən millət vəkili vurğulayıb ki, onun Heydər Əliyevlə də dostluq əlaqələri var idi. “Əlbəttə ki, hər iki ölkə öz milli maraqlarını güdür və bu başa düşüləndir. Lakin Rusiya dövlət başçısının Azərbaycana səfərini təzyiq kimi qiymətləndirmək düzgün deyil. Azərbaycan heç kimə ehtiyacı olmayan ölkədir.”E. Axundova Cənubi Qafqazda güclü dövlət kimi Azərbaycan Rusiya üçün əhəmiyyətlidir. “Putin başa düşür ki, Azərbaycanı strateji tərəfdaş, dost ölkə kimi yanında saxlamaq lazımdır. Çünki Gürcüstan Rusiyanın əlindən çıxıb, Ermənistan da yalnız siyasi cəhətdən maraqlı ölkədir, iqtisadi cəhətdən Rusiya üçün maraqlı deyil”. Millət vəkili bildirib ki, bu iki ölkə başçısının görüşüb, problemləri həll etməsi vaxtı çoxdan yetişmişdi. “Çünki vəziyyət dəyişib, Yaxın Şərqdə, İran ətrafında nələrin baş verdiyi hamıya məlumdur. Bütün bunlar isə müzakirə obyektidir. Mən bu addımı yüksək qiymətləndirirəm, inanıram ki, bu addım əks-səda verəcək”.
E. Axundova vurğulayıb ki, bu səfəri Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirmək olar. “Bunu vaxt göstərəcək, amma ümid etmək olar ki, bu belə olacaq. Münasibətlərimiz heç vaxt pis olmayıb. İqtisadi əməkdaşlığımız çox güclüdür. Bu görüş bəlkə hansısa başqa sahələrə də əməkdaşlığa təkan verəcək”.
Aytən ƏLİYEVA