Modern.az

Flora Xəlilzadə Prezidentə məktub YAZDI

Flora Xəlilzadə Prezidentə məktub YAZDI

Media

12 Sentyabr 2023, 14:04

Bir neçə gün öncə dövlət başçısının sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən Əməkdar jurnalist Flora Xəlilzadə Prezident İlham Əliyevə məktub yazıb.

 

Modern.az-ın məlumatına görə, jurnalist məktubda aşağıdakıları qeyd edib:

 

“Möhtərəm Prezident, cənab İlham Əliyev!

 

Eşitdiyim şad xəbərdən duyduğum sevinci ifadə etməyə çətinlik çəkirəm. Zati-alinizin mənə göstərdiyi diqqət, qayğı, verdiyi dəyər bir qələm sahibi kimi çəkdiyim zəhmətin hədər getmədiyini təsdiq edir.

 

Tanrı Sizi qorusun! Qarabağımızı xilas etdiniz. Şərqi Zəngəzur azadlığına qovuşdu. Gün o gün olsun ki, ana yurdum Qərbi Azərbaycana– Zəngəzura, Qarakilsəyə qayıda bilək.

 

Həyatım boyu çoxlu hədiyyə, müxtəlif mükafatlar almışam, təbriklər eşitmişəm. Yubileyim münasibəti ilə “Şöhrət” ordeninə layiq görməyiniz məni bir başqa cür fərəhləndirdi. Bu həm də Zati-alinizin sözə olan qiymətidir. Necə ki, sözünüz imzanızdır... İmza demişkən, Sizin sərəncamlarınızla mən dəfələrlə ali mükafatlara, fəxri ada layiq görülmüşəm. Sizin daimi qayğı və diqqətiniz həm yaşamaq, həm yaratmaq həvəsimi daha da artırır.

 

Ən böyük arzularımdan biri əziz Şuşamızın azadlığını görmək, onun hüsnünü yenidən seyr edə bilmək idi. Sizin siyasi iradəniz və qəhrəman oğullarımızın igidliyi sayəsində bu arzum həyata keçdi. İndi bir istəyim var... Uşaqlığımın, analı günlərimin keçdiyi, gəncliyimin lövbər salıb qaldığı doğma kəndimə – Uruda dönə bilmək... Bu qədər sevinc hissimin, fərəhimin, qürurumun içində Vətən həsrəti məni üzür... Uruddakı Bazarçayının səsi qulağımdan, Babək qalasının əzəməti, alma bağı ilə əhatələnmiş evimizin çiçəkli pəncərələri gözlərimdən çəkilmir. İnanıram ki, mənə indi xəyal kimi görünən bu arzumu da gerçəkləşdirəcəksiniz. Özü də şəhidsiz, qansız-qadasız qazanılacaq növbəti Qələbəmiz hesabına.

 

Əziz Prezidentim, yaradıcılığıma və fəaliyyətimə göstərdiyiniz həssas münasibət üçün bir daha Sizə təşəkkür edirəm.

 

Dərin hörmətlə,

Əməkdar jurnalist,

Prezidentin fərdi təqaüdçüsü Flora Xəlilzadə”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları