Yeni tədris ilinin başlamasına bir gün qalıb. Bu il 135 min uşaq birinci sinifdə təhsil alacaq. 114 484 uşaq məktəbdəqədər təhsilə, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. 2023-2024-cü tədris ilində ümumilikdə 1,6 miyon şagird təhsil alacaq.
Ancaq son illərdə Azərbaycanda 1-ci sinifə gedən uşaqların sayı azalma müşahidə edilir. Dövlət qurumlarının təqdim etdiyi məlumata görə, əvvəlki illərdə məktəbin ilk sinfinə qədəm qoyan şagirdlərin sayı aşağıdakı kimi olub:
2019-2020-ci tədris ilində: 159644 nəfər
2020-2021-ci tədris ilində: 156328 nəfər
2021-2022-ci tədris ilində: 153822 nəfər
2022-2023-cü tədris ilində: 151560 nəfər
Rəqəmlərdən göründüyü kimi 1-ci sinfə gedən uşaqların sayı ilbəil azalma olur. Bir çoxları bunun təhlükəli gedişat olduğunu düşünür. Bəs bu azalmanın səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bu halın demoqrafik vəziyyətlə əlaqəli olduğunu düşünür:
“Demoqrafik vəziyyət belə bir problemin yaranmasına səbəb olur. Get-gedə say da azalır. Görünür birinci səhiyyə sahəsində uşaq ölümü ilə bağlı məsələdə problem var. Boşanmalarla bağlı ciddi problem var. Digər məsələlər də var ki, bunlar hamısı üst-üstə yığılanda demoqrafik vəziyyəti ağırlaşdırır. Hesab edirəm ki, bunun üzərində düşünmək lazımdır. Bu cəmiyyəti narahat edən məsələlərdən biridir. Nə qədər ki, məktəblərdə uşaqların azalmasın müşahidə ediriksə, deməli, uşaq doğuşunda, onun sağlamlıq məsələsində ciddi problemlərin olduğu göz qarşısındadır. Sosioloji tədqiqatlar gücləndirilməli, nəticələr ortaya qoyulmalı, həlli yolları düşünülməlidir”.
Təhsil Nazirliyi yanında İctima Şuranın üzvü İlqar Orucov isə deyir ki, bunun səbəbləri müxtəlifdir və ciddi araşdırılmalıdır.
“Builki rəqəmlər daha kəskin azalmanı göstərir. Azalmanın səbəblərini araşdırmaq lazımdır. Müxtəlif səbəblər ola bilər. Ailə qurmaq istəyən gənclərin sayında azalma, ölkəni tərk edən vətəndaşlar, ailədə uşaq sayının azalması bunun səbəblərindəndir. Amma ümumilikdə demək olmaz ki, ölkəmizdə demoqrafik prosesdə azalma var, əksinə əhali sayında artan tempdədir. Müqayisə əsasında ortaya çıxmış bu rəqəmləri faciəli qəbul etmək olmaz”.
İlqar Orucov ailə planlanmasının da ötən illərlə müqayisədə dəyişdiyini diqqətə çatdırıb.
“Ailə planlanması hər kəsin şəxsi işidir. Artıq müasir insanlar 30 il öncəkilərlə müqayisədə çoxuşaqlı ailələrə sahib olmaq arzusunda deyillər. Bu da başadüşüləndir. Ailə planlanmasında ailədə neçə uşaq olmasını əvvəlcədən planlaşdırırlar. Nümunə olaraq, rayonlara, ucqar kəndlərə gedəndə əvvəllər ailələrdə 5-10 uşaq olurdusa, indi çoxuşaqlı ailələri barmaqla göstərmək olar. Ən yaxşı halda 4 uşaq dünyaya gətirməklə kifayətlənirlər. Əksər ailələr hətta nəinki 2 uşaq, sadəcə 1 uşaq dünyaya gətirib, onu böyütməyi hədəfləyirlər. Bu həm də ailə planlanmasına baxışın dəyişməsindən irəli gəlir. Amma hərhalda səbəbi müvafiq araşdırma, analizlərdən sonra müəyyənləşdirmək olar. Dövlət Statistika Komitəsinin statistik məlumatları analiz olunmalıdır. Azərbaycanda ailələrdə uşaqların sayının aşağı düşməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq araşdırmalar edə bilər. Bundan sonra biz artıq konkret səbəbi müəyyən edə bilərik. Mənim baxışım ondan ibarətdir ki, bütünlükdə ailə planlanması savadlı aparılmalıdır”. – deyə o əlavə edib.