Modern.az

55 yaşına əcəl imkan vermədi - Mübariz Əhmədovun xatirəsinə...

55 yaşına əcəl imkan vermədi - Mübariz Əhmədovun xatirəsinə...

Reportaj

14 Sentyabr 2023, 11:20

Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədovun ötən gecə qəfil ürəktutmasından vəfat etməsi təkcə yaxınlarını deyil, onu tanıyanların hamısını üzdü, kədərə qərq etdi...

Mübariz Əhmədovu bizimlə illər öncə həmkarımız Seymur Verdizadə tanış etmişdi...

“Bakı Slavyan Universitetinin müəllimi Mübariz Əhmədov sizin sayta köşə yazıları vermək istəyir” demişdi, sonra da onun ilk yazısını e-mailimizə göndərmişdi.

Modern.az-da çıxan ilk yazısından sonra zəng vurub təşəkkür etmiş və söz vermişdi ki, mütəmadi əməkdaşlıq edəcək... 7-8 il olardı ki “Mübariz Azərbaycanlı” imzası ilə bizə yazırdı... Bütün yazıları da ancaq Qarabağ mövzusunda idi... Qarabağın işğalda olması hamımız kimi, onu da içdən yandırıb-yaxırdı...

Onun vətənpərvərliyinə, dövlət mənafeyinə sadiqliyinə heç kim şübhə edə bilməzdi... Bunu yazılarında da biruzə verirdi...

Hər dəfə Qarabağda hansısa bir hadisə baş verəndə, səssiz, laqeyd qala bilmir, dərhal qələmə sarılırdı.

Yayda həkimlər ona müəyyən müddət kompüterdən uzaq durmağı, səhhətinə fikir verməyi tapşırmışdılar, amma Qarabağda baş verənlərə dözə bilməmiş, yeni köşə yazıb göndərmişdi...



2019-cu ilin 12 iyununda zəng vurub utana-utana dedi ki, həmin gün 50 yaşı tamam olur, dostlardan biri yubileyilə əlaqədar yazı yazıb. Yazının Modern.az-da gedib-gedə bilməyəcəyi ilə maraqlandı, “əlbəttə gedər” dedim... Beləcə, oxucular Mübariz Əhmədovun geniş bioqrafiyası ilə yaxından tanış oldular...
    
Mübariz Ataxan oğlu Əhmədov 12 iyun  1969-cu il tarixində Saatlı rayonunun Musalı kəndində çoxuşaqlı ailədə anadan olub. Saatlı rayonu Nərimankənd orta məktəbinin 7-ci və Saatlı şəhər 2 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, 1984-88-ci illərdə Əli Bayramlı şəhər (hazırda Şirvan şəhəri) Sənaye Texnikumunu bitirib və həmin ilin mayında Vladivostok şəhərinə hərbi xidmətə göndərilib. Sakit Okean Hərbi Dəniz donanmasında 3 illik hərbi xidmətini baş gəmi çavuşu rütbəsində uğurla başa vurduqdan sonra, Vladivostok şəhərində oxumaq niyyəti ilə qalmağa qərar verib.

Nəticədə Uzaq Şərq Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu (1998-ci ildə) olub.

    

Mübariz tələbəlik illərindən Vladivostok şəhərində "Avanqard" adlı qəzetlə əməkdaşlıq edib, ictimai müxbir kimi fəaliyyətə başlayıb.

     
Vətənpərvərliyi ilə seçilən Mübariz Əhmədov yaşadığı şəhərdə "Primoriya Azərbaycan Diasporu" ictimai təşkilatının yaradılmasında yaxından iştirak edib və bu təşkilatın idarə heyətinin üzvü, eləcə də mətbuat xidmətinin rəhbəri olub.

     
18 may 1999-cu ildə isə Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edərək, onun baş redaktoru kimi jurnalist fəaliyyətini davam etdirib. Mübariz Əhmədov "Azərbaycan" qəzetinə mövzu seçimində üstünlüyü əsasən Qarabağ həqiqətlərinə, Azərbaycan tarixinə, Azərbaycandan olan xəbərlərə və Vladivostokda yaşayan soydaşlarımızın fəaliyyətinə həsr edib.

“İçimdəki əsas məqsəd Primoriya oxucularına Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu anlatmaq dayanırdı. Qəzetimiz Vladivostok şəhərində 70 yerdə fəaliyyət göstərən "Rospeçat"a aid qəzet köşklərində satılırdı. Bundan əlavə, əyalətə də göndərilirdi. "Azərbaycan" yalnız öz missiyasını deyil, həm də vətəndən 12 min kilometr uzaqda yaşayan soydaşlarımızı bir araya gətirir, diaspor təşkilatının görə biləcəyi işləri də yerinə yetirə bilirdi. Bu üzdən qısa zaman kəsiyində "Azərbaycan" hər bir soydaşımızın sevimlisinə çevrilmişdi. Təkbaşına yaratdığım redaksiyaya sonradan bir neçə əməkdaş cəlb etdim və radaksiyanın tədbirlər planını hazırlayıb mütəmadi olaraq Azərbaycan naminə fəaliyyətimizi davam etdirdik. Respublika günü, Novruz bayramı, Uşaq dünyası və digər bu kimi tədbirlər keçirərək vətəndən uzaqda yaşayan soydaşlarımızı bir araya gətirib Azərbaycan adına çalışmamızı qarşıya məqsəd kimi qoyduq. Bir sözlə, "Azərbaycan" Primoriya diyarında yaşayan soydaşlarımızın əsl ruporuna çevrildi".



Mübariz Əhmədov Primoriya jurnalistlər ittifaqının və Rusiya Jurnalistlər Birliyinin üzvü olub. Qarabağla bağlı yazılarına görə ermənilər tərəfindən dəfələrlə hədələrə, təqiblərə də məruz qalıb. Özünün dediyinə görə, 31 Mart soyqırımı, 20 yanvar hadisəsi, Xocalı soyqırımı ilə bağlı qəzetdə verilən silsilə yazı və şəkillərə görə onu "xüsusi yerlərə" dəvət edib "proflaktik söhbətlər" də ediblər. Amma Azərbaycan həqiqətləri naminə öz inadından dönməyən həmkarımız öz işini inamla yenə də davam etdirib.
     
O, 2000-ci ildə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq filialının "Arxeologiya və etnoqrafiya" institutunun dəstəyi ilə "Azərbaycanlıların Rusiyanın Uzaq Şərqinə miqrasiyası və onların uyğunlaşması problemləri" adlı elmi məqaləsini adıçəkilən institutun "XX əsrdə etnik miqrantların Primoriyada uyğunlaşması" adlı elmi məqalələr toplusunda nəşr etdirib. M.Əhmədov bu məqalədə soydaşlarımızın Rusiyanın Uzaq Şərqinə miqrasiyasını üç istiqamət üzrə - hərbi xidmət, Baykal Amur Magistralının tikintisi və Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparması nəticəsində öz yurdlarından qaçqın və məcburi köçkün düşmələrini əsas səbəb kimi göstərib.

Amma vətən üçün darıxan M.Əhmədov Rusiyada duruş gətirə bilməyərək Azərbaycana qayıdıb.

      


2002-ci ildən Bakı şəhərində yaşayan və öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olan Mübariz Əhmədov son günlərədk Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti və tələbələrin ən sevimli müəllimlərindən biri idi. Mübariz müəllim bu illər ərzində neçə-neçə gənc jurnalitin nəzəri və praktik biliklərə yiyələnməsi, həmçinin, bu peşənin incəliklərinə bələd olmaları üçün öz bilik və bacarığını heç vaxt əsirgəməyib.  

    
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunda "Jurnalist etikasının problemləri" mövzusunda elmi iş müdafiə edib, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi, həmçinin, 2018-ci ildə isə Jurnalistika kafedrası üzrə dosent elmi adı alıb. 1 monoqrafiya, 8 tədris proqramı, 22 elmi məqalənin müəllifi idi.


      
Mübariz Əhmədov pedaqoji fəaliyyəti ilə yanaşı, həm də praktik jurnalist olaraq ölkə mediasında, o cümlədən Modern.az saytında “Mübariz Azərbaycanlı” imzası ilə dövlətin mənafeini dəstəkləyən siyasi xarakterli yazılar yazırdı.

    
Müəllim kimi savadlı, insan kimi səmimi, vətəndaş kimi vətənpərvər, jurnalist kimi müşahidəçilik qabiliyyətinə, aydın təfəkkürə və dərin təhliletmə bacarığına malik idi...

İki övlad atası olan Mübariz Əhmədov bu ilin aprelində qızını gəlin köçürmüş, iyulda oğlunu əsgərliyə yola salmışdı... Avqustda oğlu Ülvinin andiçmə mərasimində iştirak edən Mübariz müəllim əsgər atası kimi qürur duyduğunu gizlətmirdi...

Bakıətrafı kəndlərin birində kiçik torpaq sahəsi almışdı, məqsədi ailəsi üçün yaxşı gün-güzəran, ev-eşik qurmaq idi... Aradabir sosial şəbəkədə əkib-becərdiyi ağacların, bitkilərin, gül-çiçəyin şəkillərini paylaşması onun nə qədər zəhmətkeş, əliqabarlı, halal insan olmağından xəbər verirdi... Amma qurub-yaratmaq, ev-eşik tikmək planlarını həyata keçirə bilmədi..



Mübariz müəllim səhhətindəki problemə görə bir neçə dəfə müalicə almışdı... Amma sabaha inamı böyük idi, oğlu Ülvi ilə bağlı arzuları, planları vardı... Ürəyinin bu yaşda onu xəyal qırıqlığına uğradacağını heç zaman düşünməzdi... Di gəl ki, fələyin üzü yaman olurmuş...

Bu gün Facebook sosial şəbəkəsində onu tanıyanlar Mübariz Əhmədovun itkisindən kədərlə yazırlar.. Dostları, tanışları, həmkarları, tələbələri, iş yoldaşları...

Anar Nağıyev, Bakı Slavyan Universitetinin (BSU) rektoru:

“Mübariz Əhmədov yaxşı müəllim və jurnalistikanın yaxşı bilicisi kimi BSU kollektivinin yaddaşında qalacaq. Ötən ildən etibarən Universitetimizin şəhid məzunları haqqında sənədli filmlərin hazırlanması Mübariz müəllimə həvalə edilmiş, yüksək peşəkarlıqla iki filmi ərsəyə gətirmiş, üçüncü üçün hazırlıq işləri aparırdı. Mübariz müəllimə rəhmət diləyir, ailəsinə, əzizlərinə və Jurnalistika kafedrasındakı həmkarlarıma dərin hüznlə səbr diləyirəm. Allah rəhmət eləsin!”.

Ədalət Verdiyev, hərbi ekspert:
 

“Ara sıra bəzi hərbi məsələrlə bağlı zəng vurardı. Savadli, səmimi və sadə bir insan idi. Mübariz müəllim bütün ətrafının, xüsusilə də tələbələrinin dərin hörmətini qazanmaqla bizim hər birimiz üçün əsl insanlıq və müəllimlik məktəbini miras qoyaraq bizi tərk etdi. Allah rəhmət eləsin”.

Etibar Əliyev, Milli Məclisin deputatı:

“Mübariz Əhmədovla AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Etika və estetika şöbəsinin dissertantı olanda tanış olmuşduq. 2013-cü ildə "Jurnalist etikasının problemləri" mövzusunda maraqlı dissertasiya işini müdafiə etmişdi. Seminar üzvü kimi onun müdafiəsində iştirak etmişdim.

Vaxtsız vəfat edən dostumuz yüksək mədəniyyətə, öz sahəsində dərin biliklərə malik olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi.

Bakı Slavyan universiteti yaxşı bir müəllimini, jurnalist cameəsi və bu sahədə ekspert institutu isə savadlı və ləyaqətli bir nümayəndəsini itirdi.

Allah rəhmət eləsin”.


Mübariz Əhmədov aradabir şeir də yazır, həvəskar şair kimi çəkinə-çəkinə sosial şəbəklədə paylaşırdı...



Dünya, sənin dağılmağın nə oldu?
Yaltaqların gündə yüz don geyirlər.
Qadalını min qadaya salırlar,
Qadasıza “qadDan alım” - deyirlər.

Nədən coşmur çalxalanan bu dərya?
Niyə qalıb yozulmayır bu röya?
Qanmazların “at oynadır” a, dünya,
Qananlara “başa salım” - deyirlər.

Yola getmir bu qaralar, ağıyla,
Dərə dağla, qanqal güllü bağıyla,
Mübarizi “öldürürlər” ağuyla,
Sonra durub “şəkər-balım” - deyirlər.

Mübariz müəllim gələn il 55 yaşını qeyd edəcəkdi, amansız əcəl imkan vermədi... Qəbrin nurla dolsun, əziz həmkar!



Əfqan Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır