Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Partiyaların əksəriyyətinə Ədliyyə Nazirliyindən müsbət cavab verilib. Qeydə alınan siyasi partiyaların sayı hazırda 26-dır. Daha 1 partiya Ədliyyə Nazirliyindən cavab gözləyir. Bir sözlə, proses demək olar ki, başa çatmaq üzrədir.
Yeni siyasi konfiqurasiyada hansı dəyişikliklər, yeniliklər gözlənilir?
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) idarə heyətinin üzvü, deputat Hikmət Babaoğlu siyasi sistemdə həyata keçirilən islahatların yeni mərhələyə qədəm qoyduğunu bildirib:
“Siyasi partiyaların yenidən qeydiyyatı baş tutdu. Siyasi sistemimizdə həyata keçirilən islahatların faktiki olaraq yeni mərhələsinə qədəm qoyduq. Düşünürəm ki, Azərbaycanda siyasi münasibətlərin həm də keyfiyyətcə yeni mərhələsi olacaq. Bu gün həm milli dövlətçiliyimiz qarşısında, həm siyasi sistemimiz qarşısında yeni çağırışlar yaranıb. Bu da siyasi sistemimizin yenilənməsini zəruri edirdi. 90-cı illərin əvvəllərində formalaşan siyasi sistem müəyyən mərhələni arxada qoymuşdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanıb ərazi bütövlüyümüzü bərpa etdikdən sonra, şübhəsiz ki, siyasi sistemimizin hüquqi kontekstdə yenilənməsi vacib idi. Çünki indi vəzfələr dəyişib. Ölkəmiz və məqsədlərimiz böyüyüb. Ölkəmizdə demokratik və hüquqi münasibətlər inkişaf edib. Zamanın çağırışları ilə ayaqlaşmaq baxımından bu islahatlar olduqca zəruri idi. Düşünürəm ki, ən müxtəlif siyasi dünyagörüşünün daşıyıcıları olan və Azərbaycanın siyasi münasibətlərinə təsir etmək iqtidarında olan partiyaların qeydiyyata alınması ölkəmizdə hüquqi və demmokratik quruluşun göstəricisidir.
Ədliyyə Nazirliyinin son açıqlamalarında qeydiyyata alınması ilə bağlı ictimai rəydə şübhələrin olduğu bəzi partiyaların da reyestrdən keçməsi bu narahatlığın əbəs yerə olduğunu göstərdi. Bu, bir daha aydın göstərdi ki, yenidən qeydiyyat prosesi hansısa siyasi qüvvənin önünü kəsmək yox, onun fəaliyyəti üçün daha geniş imkanlar yaratmaqdan və sözügedən münasibətlərin hüquqi və siyasi kontekstdə tənzimlənməsindən ibarət olub”.
YAP idarə heyətinin üzvü vurğulayıb ki, bu, Azərbaycanın siyasi mühitində yeni keyfiyyət dəyişikliyi yaradacaq:
“Bu, siyasi sistemimizin önündə tormuzlayıcı vasitəyə çevrilmə, qeyri-obyektv tənqid, bəzi başqa güc mərkəzlərinin təsiri altında hərəkət etmək kimi neqativ məsələləri siyasi gündəmdən çıxaracaq”.
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, yeni konfiqurasiyada partiyaların dövlət həyatında fəaliyyət istiqamətləri müəyyənləşib:
“Partiyaların yenidən qeydə alınması "Siyasi partiyalar haqqında" Qanunun dəyişdirilməsi ilə əlaqədardır. Əslində, bu müsbət tendensiyaydı. Partiyaların özünə çəki-düzən verməsi, bu sektorda artıq fəaliyyət göstərəcək və fəaliyyət göstərməyəcək partiyaların müəyyən olunması, ciddiyətin artması baxımından faydalıydı. Prezident Administirasiyası tərəfindən partiyalar arasında inteqrasiya, partiya həyatının canlanması istiqamətində çox ciddi təşəbbüslər oldu. Nəhayət, proses qanunun qəbul olunması ilə yekunlaşdı. Qanundan sonrakı dövrdə artıq partiyaların ölkə həyatında təqribi strukturu dəqiqləşdi. Parlament və parlamentdənkənar partiyaların dövlət həyatında fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün start vəziyyətinə gəlindi. Bu, yaxşı bir istiqamət deməkdir”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə siyasi təşkilatlarla bağlı islahatların partiyaları diriltdiyini söyləyib:
"Hansı dəyişikliklərin olacağının daha dəqiq cavabını isə iqtidar verməlidir. Çünki dialoqun və islahatların başlandığını elan edən, prosesi başladan da onlardır. Bu prosesdə əvvəlcədən vətənə və millətə xeyirli nüanslar gördüyümüz üçün iştirak edirik. İlkin mərhələdə kifayət qədər islahat deyə biləcəyimiz addımlar atılıb. Bunu inkar etmək olmaz. 2019-2020-ci illərdə Ədliyyə Nazirliyi illərlə qeydiyyata alınmayan və süründürməçiliyə məruz qalan partiyaları qeydiyyata aldı. Sonradan dövlət rüsumunu ödəmək şərtilə ofis ayrılıb. O cümlədən mediaya, televiziyaya, "YouTube" mediasına qoyulan qadağalar aradan qaldırılıb. Müxalifət partiyalarının və nümayəndələrinin bu məkanlarda çıxışı təmin olunub. Həmçinin əhali ilə partiyalar arasında qoyulmuş qadağa aradan qaldırılıb. Vaxt vardı ki, partiya sədrləri rayonlara gedə bilmirdi, onların yolda qarşılarını kəsirdilər. Sözügedən islahatlar partiyaları ölü vəziyyətdən nisbətən xilas etdi. Partiyaların dirilməsinə səbəb oldu. Sonradan "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olundu. Bu qanunun tərkibi müzakirə oluna bilər. Biz də hər maddəsi ilə razı deyilik. Düşünürük daha yumşaq, partiyalara daha da şərait yaradan bir qanun ola bilərdi. Hər halda, bu qanun qəbul olundu. Bundan sonra yenidən qeydiyyat məsələsi başladı. Artıq bu proses demək olar ki, başa çatıb".
T.Abbaslı yeni konfiqurasiyadan bir sıra gözləntilərinin olduğunu dilə gətirib:
"Yeni konfiqurasiyadan bir sıra gözləntilərim var. Partiyaların normal rəqabəti üçün münbit şərait yaradılacaq. Siyasi rəqabətdə ən azı YAP və digər partiyalar arasında yaradılmış süni məsafə bir az qısalacaq. Nisbətən şəffaf seçkilərin keçirilməsinə start veriləcək. Təbii ki, ən böyük istəklərimizdən biri proporsional seçkilərin keçirilməsidir. Bütün partiyaların seçki sistemində öz güc və səslərinə uyğun parlament təmsilçiliyi əldə etməsi, eyni zamanda partiyaların Türkiyə və digər normal ölkələrdə olduğu kimi dövlət protokolunda təsbit olunması məsələləri var. Yeni islahatlarda sözügedən məsələlərin həllini gözləyirik".
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli siyasi fəaliyyətin yeni müstəviyə keçdiyini və partiyaların cəmiyyətə təsir imkanlarının arta biləcəyini söyləyib:
““Siyasi partiyalar haqqında” Qanunda dəyişikliklər əksəriyyət tərəfindən təqdir edilməsə də, ancaq hər işdə xeyir olduğu kimi, bu sahədə də müsbət nəticələr əldə olundu. Siyasi partiyalar bir daha ələndi. Cəmiyyət siyasi palitrada rəngləri daha yaxşı seçmək imkanı qazanıb. Proporsional seçkilər olmasa da, partiyaların reyestrdə yenidən qeydiyyatı müəyyən qədər onların gücünü dəyərləndirməyə imkan verdi. Artıq siyasi fəaliyyət yeni müstəviyə keçib. Partiyaların cəmiyyətə təsir imkanları da arta bilər. Cəmiyyətin də siyasi proseslərdə fəallığı çoxalacaq. İndiki situasiya və qüvvədə olan qanun mövcud partiyaların rəqabətinə də imkan verəcək. Saxta siyasi qüvvələrin aradan qalxması ilə həqiqi siyasilər proseslərə təsir imkanı qazanacaqlar. Bununla yanaşı, formal fəaliyyət göstərəcək siyasi partiyaların da bundan sonra sıradan çıxmaq imkanı sürətlənəcək”.
Turqay Musayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda dərc olunub.