44 günlük Vətən müharibəsinin şəhidləri Cavid və Çingiz Məmmədov qardaşlarının əkiz bacı-qardaşları dünyaya gəlib. Yeni doğulan körpələrə Zəhra və Hüseyn adları qoyulub.
Vətən müharibəsində döyüşərək ölkənin ərazi bütövlüyü, torpaqların azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Məmmədov qardaşlarının valideynləri övlad itkisinin çox ağır dərd olduğunu, lakin yeni doğulan körpələrin onlara təsəlli verəcəyini bildiriblər.
Şəhid anası Faya Məmmədova Modern.az saytına açıqlamasında körpələrin sağlamlığı ilə bağlı heç bir problem olmadığını bildirib, onlara qoyulan adların qoyulma səbəbindən danışıb:
“Əvvəl iki oğulun, sonra iki şəhidin, ən sonda da iki körpənin anası olduğum üçün qəribə hisslər keçirirəm.
Keçən ilin sentyabrında biz digər şəhid anaları ilə Bibiheybət məscidinə gedib ordumuz üçün dualar etdik. O vaxt mən Şəhidlər məzarlığının yanında gəzərkən orada bir oğlan, bir qız uşağı gözümə göründü. Boyları hələ də gözümün önündədir, 1 yaş yarımında olardılar. Sanki bir varlıq onların əlindən tutub, “bu Zəhran, bu Hüseynin, al ziyarətini et” dedi. Bir anlıq mən nə yaşadığıma inana bilmədim. Sonra bunu yanımdakı şəhid analarına dedim. Mən həmin zaman müalicə alırdım. Düşündüm ki, övladlarım dünyaya gəlsə, gördüklərim düz olsa, onlara həmin adları verəcəm, qurban kəsəcəm. Belə də oldu.
Sanki yuxu görürəm, amma həm də reallıqla barışıram”.
Qeyd edək ki, Vətən müharibəsində şəhid olan Cavid və Çingiz Məmmədov qardaşları Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması", “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif ediliblər.
Qeyd edək ki, şəhidlərimiz Şəmkir rayonunun Yeniabad kəndindəndir.