Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen İnə Vladivostokdakı Kneviçi aerodromunda Rusiya hərbi aviasiyasının nümunələrini göstərib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
“KXDR liderinə Kneviçi aerodromunda Tu-160 səsdən sürətli strateji raketdaşıyan bombardmançı, Tu-95MS turbovintli strateji raketdaşıyan bombardmançı və Tu-22M3 uzaq mənzilli səsdən sürətli bombarmançı təqdim edilib", - məlumatda deyilir.
Nazirlik qeyd edib ki, bu təyyarələr Rusiya Federasiyasının strateji nüvə qüvvələrinin hava komponentini təşkil edir.
Rusiya Aerokosmik Qüvvələrinin Uzaqmənzilli Aviasiyasının komandanı, general-leytenant Sergey Kobılaş KXDR liderinə təqdim olunan strateji raketdaşıyıcıların xüsusiyyətləri, onların silahları barədə məlumat verib.
Sergey Şoyqu həmçinin Şimali Koreya liderinə Rusiyanın MiQ-31İ raketdaşıyıcısını ən son silahlarla - hipersəs sürətə malik"Kinjal" raket kompleksi ilə birlikdə təqdim edib.
Xatırladaq ki, Kim Çen İn sentyabrın 12-dən Rusiyada rəsmi səfərdədir.