“Azərbaycan Misirdəki vəziyyəti diqqətlə izləməkdədir. Hələlik Azərbaycanın Misirdəki səfirinin geri çağırılması ilə bağlı qərar yoxdur”. Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. “Qahirədəki səfirliyimiz bu ölkədə yaşayan vətəndaşlarımızla mütəmadi əlaqə saxlayır.
Çünki vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir”, – deyə Elman Abdullayev əlavə edib. Misirdəki vətəndaş qarşıdurmasında ölənlərin sayı durmadan artır. Türkiyə hökuməti ölkədəki son vəziyyətin ciddiliyini nəzərə alaraq Misirdəki səfirini geri çağırıb. Bundan başqa, Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul olunub. Bəyanatda qeyd olunur ki, Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüfləndiyini bildiriblər. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir.
Gültəkin ƏLƏSGƏR