“Xüsusi istedada malik uşaqların I sinfə qəbulu ilə bağlı Bakı şəhəri üzrə bu günə qədər müraciət edənlərin 50 faizi müsbət qiymətləndirilib”. Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, qəbul prosesi Bakı şəhərində artıq başlanılıb. İndiyədək 2300 nəfərdən çox valideynin ərizəsi qeydiyyata alınıb, 600 nəfərdən yuxarı uşaq müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib. Bununla belə, ərizələrin qəbulu davam edir və avqustun 20-də başa çatacaq.
Məlumatda həmçinin bildirilib ki, xüsusi istedadlı uşaqların I sinfə qəbulu ilə bağlı ən çox müraciət Bakı şəhərindəndir. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərindən, Abşeron, Qazax, Şəki, Tovuz, Zərdab, Yevlax, Goranboy rayonlarından da müraciətlərin sayı digər bölgələrə nisbətən çoxdur. Ümumiyyətlə, avqustun 12-nə olan məlumata görə, ölkə üzrə müraciətlərin sayı 4000-dən artıqdır.
Aytən ƏLİYEVA