Modern.az

Gizli milyonçunun oğlu, bir ayağı daim Bakıda, o biri Moskvada olan azərbaycanlı milyarder – Portret

Gizli milyonçunun oğlu, bir ayağı daim Bakıda, o biri Moskvada olan azərbaycanlı milyarder – Portret

17 Avqust 2013, 11:58

Modern.az “Zənginliyə gedən yol” adlı rubrikasında da azərbaycanlı milyarderlərin növbəti nümayəndəsini təqdim edir. Bu, Rusiyadakı ən varlı şəxslərdən biri olan “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovdur.

  İsgəndər Ağasəlim oğlu Xəlilov 1955-ci il dekabrın 9-da Bakıda anadan olub. Öz dövrünün işgüzarlığa meylli bütün yaşıdları kimi Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib. Daha sonra Moskva Hüquq Akademiyasında hüquqşünas təhsili alıb...

Bir ayağı Azərbaycanda, digəri Rusiyada olan İ. Xəlilov haqqında rəsmi tərcümeyi-halı buradaca yarımçıq qoymaq gərəkdir. Bu nəslin keçmişini də yada salmağa dəyər. Xəlilovlar ailəsi Azərbaycanda geniş tanıtıma malikdir. İsgəndər Xəlilovu digər milyarderlərdən fərqləndirən başlıca cəhət də budur. Belə ki, onun atası Ağasəlim Xəlilov hələ sovet dövründə “gizli iqtisadiyyat”ın təmsilçisi kimi xeyli məşhur idi.

“Qədim-qaim” bakılılar girişində Mehdi Hüseynzadənin abidəsi ucalan köhnə avtovağzalın yanında, kiçik təpəciyin üstündəki “Çənlibel” restoranını yaxşı xatırlayırlar. O dövrdə, pulunun varlığını gizlətmək üçün milyarderlərin bilərəkdən tramvaya – ən ucuz nəqliyyat növünə mindiyi sovet çağında Ağasəlim Xəlilov barmaqla göstərilən zəngin adamlardan idi. Sonradan müəmmalı şəkildə yanmış “Çənlibel” restoranının sahibi – Ağasəlim Xəlilovun övladları atadan qalma maddi mirası bəzi nankorlar kimi dağıtmadı, əksinə, birə beş artırdı. 

İşgüzarlıq, biznesmenlik xüsusiyyətini genetik olaraq damarlarında daşıyan İ. Xəlilov 1988-1991-ci illər ərzində “Lukoyl” Neft Şirkətinin prezidentinin məsləhətçisi vəzifəsində çalışıb.

1992-2000-ci illər ərzində “Lukoyl” prezidentinin məsləhətçisi və şirkətin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri olub. Bakıdakı “NİKoil Bank” Müşahidə Şurasında sədrlik edir. 1995-ci ildə yaratdığı “İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Holdinq neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti və mehmanxana işi kimi çoxsahəli fəaliyyət sahələri mövcuddur. Bütün zəngin adamlar kimi biznesini xələflərinə əmanət eləmək üçün İ. Xəlilov əsas şirkətində oğullarına da iş yeri tapıb. Onlar “İSR holdinq”in vitse-prezidentləridir.

Xəlilovlar biznes imperiyasının əsas hissəsi Rusiyada yerləşsə də, İsgəndər Xəlilovun Azərbaycandakı fəaliyyəti kifayət qədər gözə çarpır. Əslində İ. Xəlilovun Azərbaycandakı biznes fəaliyyəti heç vaxt gizli qalmayıb.

“Hilton Baku Hotel”in sahibi kimi o bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırıb. Nəzərdə tutulan vəsaiti tam toplamaq üçün İsgəndər Xəlilov ona məxsus aksiyaların bir qismini London birjasında hərraca qoyub. Gözəlliyi və dizaynı ilə paytaxtı bəzəyən 23 mərtəbəli otel Bakının mərkəzində, “Hökumət Evi”nin qonşuluğunda yerləşir. “Hilton” onun yeganə oteli deyil. Belə ki, İ. Xəlilov 2010-cu ildə Türkiyənin Bodrum kurort-istirahət mərkəzindəki “Bodrum Princess Oteli” 85 milyon dollar qarşılığında əldə edib və onun adını dəyişdirərək “Hilton” brendi altında fəaliyyət göstərməsinə nail olub. Xəlilov “Hilton Baku Hotel”in yaxınlığında yerləşən keçmiş “Bakı Teleqraf Agentliyi”nin binasını sökərək yerində 5 mərtəbəli yaşayış binası tikib. “Mister Tibot” və “Ramstor” da onun layihəsidir. “İSR-Plaza” mərkəzinin sahibi olan milyarder “McDonalds” şəbəkəsinin də sahibidir. Bakının mərkəzində tikilməsi planlaşdırılan “City Center” şəhərciyi ilə bağlı layihəyəsə o, 500 milyon dollar vəsait qoymağı planlaşdırdığını vurğulayıb. İ. Xəlilov qeyd edib ki, şəhərcikdə yaşayış binalarından əlavə məktəb, uşaq bağçası, tibb məntəqəsi, ticarət mərkəzi və s. lazımi sosial obyektlərin tikiləcək. Layihə isə bu günədək hələ icra olunmayıb.

Tikinti işləri ilə yanaşı Azərbaycanda avtomobil biznesi ilə də məşğul olan İsgəndər Xəlilov “Toyota Center”in sahibidir. Maşın bazarında önəmli yer tutan bu mərkəz dünya maliyyə böhranından xeyli zərər çəkib. Buna baxmayaraq, hazırda böhrana qədərki göstəricilərini yeniləyib.

İ. Xəlilovun “Resurs Treydinq” Açıq Səhmdar Cəmiyyəti Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan ən böyük şirkətlərdən biridir. “Resurs Treydinq”in səhmləri “Trast Kapital” şirkətini isə ona müştərək rəhbərlik edən İsgəndər Xəlilovun övladları Rauf və Rəhim Xəlilov qardaşlarına məxsusdur. “Resurs Treydinq” podratçı şirkət qismində “Rusiya Dəmir Yolları” Qapalı QSC-nin elan etdiyi tenderdə qalib gəlib. Layihənin dəyəri 600 milyon dollar təşkil edir.

İsgəndər Xəlilovun varisləri də qollarını çöxdan çırmalayaraq biznesdə atalarına dəstək olurları. Bundan başqa, kiçik oğul Rauf Xəlilov həm də Azərbaycan Xizəksürmə Federasiyasının prezidentidir. Məhz R. Xəlilovun səyləri nəticəsində isveçrəli Serika Notts 2010-cu ildə Vankuverdəki Qış Olimpiya oyunlarında ölkəmizi təmsil etməyə razı olub. İsgəndər Xəlilov isə Qış İdman Növləri Federasiyasının prezidentidir. Bu vəzifədə o, Azərbaycanda bir neçə iri investisiya proqramı həyata keçirməyi planlaşdırır. Qış İdman növlərinin inkişafında Qusar Qış İdman kompleksinin müstəsna rolu olacağı bildirilir.

Milyarderin 1977-ci ildə Bakıda anadan olmuş böyük oğlu Rəhman Xəlilov Cenevrə Universitetinin beynəlxalq biznes fakültəsini bitirib. R. Xəlilov “İSR holdinq”in vitse-prezidenti kimi Neftçalada yod sektorunun inkişafını nəzərdə tutan proqrama nəzarət edir. Eyni zamanda evli və iki uşaq atası olan Rəhman Xəlilov “İSR holdinq”in tərkibinə daxil olan “RİRoil” neft ticarət şirkətinin prezidentidir. Xəlilovlar nəslinin qol-budaqları da xeyli məşhurdur. İ Xəlilovun qardaşlarından biri Cavanşir Xəlilov Bakı Əyləncə Mərkəzinin sahibi, eyni zamanda o, Azərbaycan İdman Boulinqi Federasiyasının prezidentidir.

İ. Xəlilovun digər qardaşı Vaqif Xəlilov “Sinqapur evləri”nin sahibidir. Nərimanovun abidəsi yanındakı bu mülkün sahibi kriminal bir olayın iştirakçısı kimi həbsə atılmışdı.

Lakin bir il sonra o, əfv olundu. Rusiyada önəmli biznesmenlərdən sayılan İsgəndər Xəlilovun varidatı əlbəttə, nə Vaqif Ələkbərovun, nə də Araz Ağalarovun varidatı qədər deyil. Amma Türkiyədəki nüfuzlu Koç ailəsi və s. dünya biznes kralları ilə iş birliyinə girən ilk azərbaycanlı milyarder məhz odur. Telman İsmayılov kimi sənətçi dostları da çoxdur: Eros Ramazotti, Toto Kutunyo, “Cipsi Kinqs” qrupu.... Onları bir gündə Bakıya gətirə bilmiş ilk milyarder də məhz İsgəndər Xəlilovdur.



Vüqar İsmayılov     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI