Modern.az

“Tövləni xatırladan məktəblərə getmək istəmirik” – müəllimlərdən etiraz

“Tövləni xatırladan məktəblərə getmək istəmirik” –  müəllimlərdən etiraz

Təhsil

17 Avqust 2013, 12:59


Avqustun 12-də 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə imtahanlar başa çatdı. Müsabiqənin ikinci mərhələsinə, yəni müəllimlərlə müsahibə mərhələsinə start verildi. Bu müddət ərzində 3286 vakant yerə 18782 nəfər ərizə versə də, onlardan 15030 nəfəri imtahanda iştirak edib. İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb.

Test imtahanından sonra əldə etdiyi nəticələrə əsasən namizədlərin hansı bölgələrdə müəllim işləmək şansı yarandığı məlum olub. Müsahibə mərhələsinə qədər artıq namizədlər hansı rayon və ya kənddə düşdüyü məktəblə maraqlanıb, şəraiti və ümumi yaşayış yerinə baxış keçirib.

Həmin namizədlərdən biri Sevinc Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, bölgələrə düşən müəllimlərin əksəriyyəti getdikləri yerlərdə elə də yaxşı şəraitlə rastlaşmayıblar. “Bizimlə bir imtahan verənlərlə əlaqə saxlamışıq, deyirlər ki, binalar çox pis vəziyyətdədir və məktəb təhsil ocağından çox tövləni xatırladır”.

Sevinc Əliyeva də digərləri kimi müsahibə girməkdən imtina edərək bununla bağlı ərizə yazıb. Və bildirib ki, onun kimi imtina ərizəsi yazanların sayı çox olub. “Orada müsahibəyə gələnlərə nəzarət edənlərdən biri mənim hansı ixtisas üzrə müəllim olduğumu soruşdu, cavab verdim ki, ingilis dili. Qeyd etdi ki, bu il ingilis dili və ibtidai sinif müəllimliyindən imtina edənlərin sayı çoxdur. Ən əsası bölgələrdə ibtidai sinif müəllimliyinə daxil olanların sonradan imtina etməsi onlarda narahatlıq doğurur. Həmin bölgələrdə ibtidai sinif müəllimliyi boş qalıb, gedən yoxdur, nəticədə dərsə təzə gedəcəklərə dərs deyəcək müəllimlər olmayacaq”.

Qeyd edək ki, test imtahanlarını uğurla başa vuran namizədlər 12-16 avqust 2013-cü il tarixlərində təşkil olunan müsahibədə iştirak edirlər. Müsahibə mərhələsi başa çatdıqdan sonra boş qalan vakant yerlərə keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslərə 19-21 avqust tarixlərində əlavə yerləşdirmədə iştirak etmək imkanı veriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola biləcəklər. Hər bir namizədin uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçməsi mümkündür.  

 

Aytən ƏLİYEVA  

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj