Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern. az xəbər verir ki, iclasda Müasir Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Fərəc Quliyev, fərdi qaydada öz namizədliyini irəli sürən Zahid Oruc və Ərəstun Oruclunun prezidentliyə namizədliklərinin təsdiq olunması məsələsi müzakirə edilib. MSK açıq səsvermə yolu ilə adları çəkilən şəxslərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Qeyd edək ki, indiyədək 14 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib: İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay), İ. Ağazadə, F. Əliyev, Ə. Əliyev, A. Əlizadə, Q. Həsənquliyev, H. Hacıyev, Z. Oruc və F. Quliyev və Ə. Oruclunun namizədlikləri artıq təsdiq olunub.