Modern.az

Ordumuzun antiterror tədbirlərinə beynəlxalq DƏSTƏK: Tam qanunidir!

Ordumuzun antiterror tədbirlərinə beynəlxalq DƏSTƏK: Tam qanunidir!

Aktual

19 Sentyabr 2023, 16:02

Son günlər Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

 

Belə ki, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.

 

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı maşın hadisə yerinə doğru hərəkət edərkən separatçıların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yoluna yerləşdirdiyi minaya düşərək partlayıb. Bu terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

 

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.



Müdafiə Nazirliyi erməni terroruna cavab olaraq sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

 

Azərbaycan ordusunun antiterror tədbirlərinə beynəlxalq reaksiya gecikməyib.

 

Niderlandlı araşdırmaçı, ekspert Henri Van Rens Modern.az-a açıqlamasında mina terrorunu pisləyib:

 

“Mina terrorunun baş verməsi təbii ki, çox üzücüdür. İlk olaraq onların ailələrinə başsağlığı vermək istəyirəm. Əminəm ki, bu faciəyə görə məsuliyyət daşıyan erməni işğalçıları öz cəzalarını alacaqlar. Nə qədər ki, o cinayətkarlar minalanmış ərazilərin yerləşdiyi xəritələri verməsələr, Qarabağda, Azərbaycanda daha çox itki olacaq. Azərbaycanın öz ərazisində onlara cavab verməsi tam hüquqludur”.

 

Məşhur britaniyalı politoloq Neil Uatson da saytımıza açıqlamasında ermənilərin təxribata görə cavab verəcəyini qeyd edib:

 

“Azərbaycanlıların stasionar partlayışlarda həyatını itirməsi son dərəcə təəssüf doğurur və mənim dualarım mərhumların ailələri ilədir. Təəssüflər olsun ki, Şuşa yolunda minaların yerləşdirilməsi ümidsiz xalqın əlamətidir. İşğalçı ermənilər bilirlər ki, Xankəndindəki tanınmamış qurum yaxın günlərdə darmadağın ediləcək, bununla belə, Azərbaycanı əziyyətə salmaq, mümkün qədər çox insanın həyatına son qoymaq, sülh prosesini pozmaq istəyirlər. Amma son nəticədə Azərbaycan öz ərazisi üzərində nəzarəti bərpa etməyə nail olacaq və beynəlxalq hüquq təmin olunacaq”.

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Azərbaycan tərəfindən təxribatlara cavab verildiyini bildirib:

 

“Təxribatlar olub və olacaq. Sülh müqaviləsi yoxdur, yəni təxribatlar davam edəcək. Beynəlxalq birlik müttəfiq deyil, əksinə, kollektiv Qərb regionda sabitliyin pozulması faktorunda maraqlıdır. Onlara heç bir ümid yoxdur. Bizə Rusiyanın, Türkiyənin, İranın təsiri, Yaxın Şərq ölkələrinin mövqeyinin ifadəsi, alternativ dünya birliyi lazımdır. Bu olanlardan sonra Azərbaycanın öz ərazisində təmizləmə işləri görməsi tam qanunidir. Öz ərazisində istənilən tədbir yerinə yetirilə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi