Vəkil Aslan İsmayılovla hüquqşünas Vidadi Mahmudov arasında söz yarışı davam edir. Tərəflər media vasitəsilə bir-birinin ittihamlarına cavab verirlər. Aslan İsmayılov ötən dəfə Vidadi Mahmudova Mirzə Ələkbər Sabirin şeiri ilə qarşılıq vermişdi. Bu dəfə isə sabiq MSK katibi Vidadi Mahmudova cavabı fərqli olub. Belə ki, Aslan İsmayılov öz səhifəsində Vidadi Mahmudova belə cavab verib.
Modern.az həmin cavabı olduğu kimi təqdim edir: “Vidadi Mahmudovun yerində olan adam susardı, ancaq o, danışmağa üstünlük verib. O, hakimiyyətdən mənim ünvanıma gələn fikirləri təkrar etməklə məşğuldur. 1999-cu ildə mənim barəmdə Rəyasət Heyətinin iclası olub və Vidadi Mahmudov da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında çıxış edib. Vidadi Mahmudovun həmin iclasdakı çıxışının video görüntüləri var və necə canfəşanlıq etməsi aydın görünür. Maraqlı budur ki, həmin dövrdə Vidadi Mahmudov Müsavat Partiyasının vəkili idi. Bir müsavatçının bu cür fikirlər səsləndirməsi normal görünmürdü...” Sonda A. İsmayılov qeyd edir ki, 2003-cü ildən sonra “yoxa çıxmış” keçmiş müsavatçıya tövsiyə verir: “Mən həmişə həqiqəti danışmışam və heç kimdən də çəkinməmişəm. Vidadi Mahmudov kimilərinə isə məsləhət görərdim ki, sussunlar”.
Gültəkin ƏLƏSGƏR