Məsələn, təklif edirəm ki, Kənan M.M gənclər və idman naziri olsun Rüstəm İbrahimbəyovun nazir komandasında. İdmançıdır, taekvando ilə məşğul olub, yanılmıramsa. Özüm də yaxşı təpik-zad atır canlı yayımda. Çəkdiyi kliplərdə də “qoluzorluluq” səhnələrini özü oynayır. Fuad Əlişova xeyli vəzifə düşündüm. Amma ağlıma bir şey gəlmədi. Ən yaxşısı sinir-əsəb dispanserindən zaddan təsis edib Fuadı ora rəhbər qoymaqdır. Çünki bu adam danışanda ya gərək ağzını onun qulağına dirəyəsən, ya da .. Elə ya da...
Rövşən İsax mütləq maliyyə naziri qoyulmalıdır. Bu çox ciddi təklifidir və inanıram ki, Rüstəm müəllim prezident seçilən kimi yazımı oxuyub nəzərə alacaq.
Çünki bu adam nə vaxt əlini tərpədib bir film, bir serial çəkibsə, aktyorlar puldan narazı qalıblar. Biri deyib ki, “əvvəldən bizə dedi ki, müqavilə-zad lazım deyil, kişi kimi işləyək, pulunuzu əlbəəl verəcəm”. Biri deyir ki, “qardaşıyla birləşdi, aktyorların pulunu yedi”.
Aqil M. Quliyevi də əslində maliyyə naziri təyin eləmək olardı. Amma elə yaxşısı Rövşən İsaxdır. Çünki Aqili bilmək olmur, o qədər də dəqiq adam deyil. İndiyə kimi hələ bir nəfərin klipini vaxtında təhvil verməyib. İndi bir nəfər çıxıb ortaya desə ki, “mənim işimi vaxtında təhvil verib”, deməli burda nəsə “əmma” var, ya da o klipi başqa Aqil çəkib.
Amma insafən Azərbaycanda klipmeykerlik məktəbinin banilərindəndir. Açığı, Azərbaycanda heç elə məktəb yoxdur. Bu Yavər Rzayevə də vəzifə tapmışam. Amma yazıq kişinin əskisi tüstülüdür. Üç il bundan qabaq çəkdiyi filmin zırıltısı bu gün də səngimir. Öz aramızdır, amma mənə elə gəldi ki, üç ildən sonra bu filmi elə özləri “zırıldatmışdılar”. Nazirin dördünü mən tapmışam. Qalanlarını da siz fikirləşin. Amma mütləq fikrinizi əsaslandırmalısınız, yoxsa sayılmayacaq. Bəlkə seçkilərdən sonra bu siyahını ümumiləşdirib girdim Rüstəm İbrahimbəyovun qəbuluna. Əgər gəlib buralara çıxa bilsə...