Modern.az

Kəlbəcərli şagirdlərə Başlıbel barədə məlumat verildi - FOTOLAR

Kəlbəcərli şagirdlərə Başlıbel barədə məlumat verildi - FOTOLAR

19 Sentyabr 2023, 20:02

"Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi Bakının Qaradağ rayonundakı “Qobu-Park” yaşayış massivində fəaliyyət göstərən Kəlbəcər rayon 17 saylı məktəbdə Ermənistanın müharibə cinayətləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi çərçivəsində təşkil olunan tədbirdə adıçəkilən məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə Kəlbəcər rayon 17 saylı məktəbin direktoru Esmira Hüseynova açıb.

 

O, qeyd edib ki, işğalçı Ermənistanın tarix boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, xüsusilə Birinci Qarabağ müharibəsi dövründə törədilən kütləvi qətliamların heç də hamısı kifayət qədər öyrənilməyib. Zəfər müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması isə mənfur qonşumuzun törətdiyi vandalizm aktlarının dəlil və sübutlarla əsaslandırılmış şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıb: “Bu cür hasidələrdən biri də Başlıbel faciəsidir. Kəlbəcər əhalisi hələ rayonumuzun işğalının ilk dövründə bu hadisədən xəbərdar idi, ancaq orada nələrin baş verdiyini, ermənilərin bu kənddə törətdiyi qanlı cinayətləri geniş ictimaiyyət üçün uzun illər sirr olaraq qalıb. Həmin faciədən bəhs edən “Qanlı kaha” kitabı çap olunduqdan sonra əsil həqiqətlər üzə çıxdı. Bununla belə, biz bu hadisələri daha dərindən öyrənməli və öz həqiqətlərimizi təbliğ etməliyik”.

 

Tədbirdə torpaqlarımızın müdafiəsi və müstəqil Azərbaycanın suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra söz araşdırmaçı jurnalist, “Qanlı kaha” kitabının müəllifi, ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi Elxan Salahova verilib. O, Başlıbel faciəsinin 30-cu ildönümü ərəfəsində bu layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, həm də “Effektiv Təşəbbüslər Mərkəzi”nin rəhbərliyinə təşəkkür edib.

 

Elxan Salahov bildirib ki, layihənin əsas məqəsədi Ermənistanın müharibə cinayətlərinin bariz nümunələrindən sayılan Başlıbel faciəsi ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın haqq səsinin təbliğinə dəstək vermək, gənclərin vətənpərvər ruhda tərbiyəsinə ictimai dəstəyi təmin etməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı təkrar nəşredilib: “Artıq layihənin icra planında nəzərdə tutulan işlərin sonuncu mərhələsinə, Başlıbel faciəsi ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib. Bu toplantı da həmin maarifləndirmə tədbirlərinin birincisidir”.

 

Layihə rəhbər Başlıbel faciəsinin ağır nəticələrini özündə əks etdirən statistik rəqəmləri də iştirakçıların diqqətinə çatdırıb. O, bildirib ki, ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 76 sakin işğalçı ordunun mühasirəsində qalıb. Onlardan 14 nəfəri aprelin 2-də qarlı dağ aşırımlarından keçməklə mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin yaxınlığındakı kahalara sığınaraq mühasirə həyatını davam edib. 113 gün davam edən mühasirə dövründə dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib.

 

Kəlbəcər rayon 17 saylı məktəbin tarix müəllimi Rövşən Çıraqov isə ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürülməsi, azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası və son 200 il ərzində xalqımızın başına gətirilən müsibətlərdən söz açıb: “Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. Amma 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın ordumuzun gücü ilə azad olunması göstərdi ki, Ermənistan bu məqəsdinə çata bilməyəcək. Çünki artıq dövr dəyişib və tarixi faktlarları gizlətmək mümkün deyil”.

 

Rövşən Çıraqov ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi çərçivəsində məktəb yaşlı uşaqlar üçün maarifləndirmə tədbirlərinin təşkilini alqışlayıb. O, qeyd edib ki, bu cür layihələr gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır: “Qarabağ həqiqətlərinin daha dərindən öyrənilməsi üçün bu cür layihələr müntəzəm xarakter daşımalıdır. İndi elə bir tarixi mərhələdə yaşayırıq ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına, xüsusilə məktəb yaşlı uşaqların bu həqiqətləri dərindən öyrənməsinə daha çox ehtiyac var”.

 

Çıxışlardan sonra tədbir sərbəst müzakirə şəraitində davam etdirilib. Layihə rəhbəri Ermənistanın müharibə cinayətləri, Başlıbeldə 113 gün davam edən mühasirə iştirakçılarının düşmənlə mübarizə şəraitində yaşadıqları çətinliklər barədə sualları cavablandırıb.

 

Tədbirin sonunda Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı iştirakçılara hədiyyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi