Modern.az

Milli Şura ilk mitinqini keçirdi - YENİLƏNİB+FOTOLAR+VİDEO

Milli Şura ilk mitinqini keçirdi - YENİLƏNİB+FOTOLAR+VİDEO

Ölkə

18 Avqust 2013, 16:18

Modern.az xəbər verir ki, bu gün saat 17:00-da müaxlif qüvvələrin birləşdiyi Milli Şura Səbail rayonu ərazisindəki 20-ci sahədə, sürücülük məktəbinin həyətində “Azad və ədalətli seçkilər!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə icazəli mitinq keçirəcək.

Aksiya ilə bağlı Mitinq Komitəsi bildirib ki, üç istiqamətdə təbliğat aparılıb, sosial şəbəkələr vasitəsilə mitinqə 60 min nəfər dəvət edilib.
Mitinq Komitəsinin sədri Asəf Quliyev bildirib ki, Bakı Şəhəri Baş Polis İdarəsinin  rəhbərliyi mitinqin təhlükəsizliyini təmin etməyə söz verib. Mitinqi İbrahim İbrahimli aparacaq. Aksiyada 10 nəfərin çıxış etməsi nəzərdə tutulub.

Milli Şuranının sədri Rüstəm İbrahimbəyovun isə mitinqə telefon vasitəsilə qoşulacağı gözlənilir.  

***

"Azadlıq" radiosunun məlumatına görə, Sumqayıtdan Bakıya gələn bir qrup müsavatçı gəncin maşınını polis saxlayıb. Bu haqda Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli xəbər verib.

Avqustun 18-də Bakıya müxalifətin mitinqində iştirak etmək üçün gələn AXCP Şəki şöbəsinin 15 fəalı yerli polis şöbəsinə aparılıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı "Azadlıq"a bildirib ki, avqustun 18-də partiyanın Yevlax rayon təşkilatının fəallarından olan Rövşən Hüseynovla Bakıya gələn qrupu da polis saxlayıb. Onların hamısı yerli polis idarəsinə aparılıb.

"Bakıda isə mitinqqabağı saxlanan müxalifətçilərin sayı 11-ə çatıb".

Bunu AXCP sədrinin müavini Asəf Quliyev deyib.

«11 nəfərdən 4-ü barəsində 5-15 sutka inzibati həbs qərarı verilib. 5 nəfər isə xəbərdarlıqdan sonra buraxılıb».

***
Milli Şuranın aksiyasına qoşulmaq üçün  meydana gələn  şəhid ailələri polis tərəfindən saxlanılıb.



***

Milli Şuranın mitinqi artıq başlayıb. Polis əvvəlcədən də elan edildiyi kimi, azyaşlıları mitinqə buraxmır. Mitinqə gələnlər arasında buna etiraz edənlər var.

***
Mitinqdə Azərbaycanın dövlət himni səslənib. İbrahim İbrahimli mitinqin aparıcısı kimi aksiya iştirakçılarını salamlayıb. O, çıxışında Milli Şuranın yaradılmasını görünməmiş tarixi hadisə adlandırıb.

***.

Mitinqdə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun müraciəti səslənib.

Müraciətdə deyilir ki, hakimiyyət demokratik dəyişiklik istəyən mütərəqqi insanlara əsassız ittihamlar irəli sürür, onları şərləyib həbs edir, dövlət çevrilişində günahlandırır:

«Yalan, böhtan, şərə qarşı monolit birliyimiz ilə cavab verməyin vaxtı deyilmi? Demokratiya uğrunda mübarizə xalqın mübarizəsidir, mən bu yolda sizinləyəm. Qələbəyə qədər də sizinlə olacağam. Yaşasın demokratik Azərbaycan! Yaşasın azad gələcək!».

***


Müsavat başqanı İsa Qəmbər mitinqdə çıxış edərək, hər kəsə aksiyaya gəldiyinə görə təşəkkür edib. İsa Qəmbər tarixə nəzərə salaraq, avqust ayının müxtəlif illərdə bir sıra hərəkatların başlanğıc ayı kimi xatırladıb. Deyib ki, 88, 91-ci illərdə də müxalifət avqustda aksiyalara başlayıb və uğurla yekunlaşıb. O, hakimiyyət əleyhinə bir sıra fikirlər səsləndirib.
İsa Qəmbər Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun qələbəsi uğrunda sonadək mübarizə aparacaqlarını vurğulayıb.

İsa Qəmbər deyib ki, Milli Şuranın 19 avqust sessiyasında daha bir ziyalının namizədliyini irəli sürməyə ehtiyac var.

***


Aksiyada Milli Şura üzvləri Eldar Namazov, Sülhəddin Əkbər, Mirmahmud Mirəlioğlu, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, NİDA hərəkatının üzvü Turqut Qəmbər də çıxış edib.

***
Çıxışlar zamanı meydana verilən elektrik enerjisinin kəsilməsinə etiraz eən mitinq iştirakçıları "İstefa!", "Azadlıq!" şüarları səsləndiriblər.
Çıxışlar zamanı iqtidar nümayəndələrinə etiraz əlaməti olaraq konkret adların çəkilməsi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun təpkisi ilə qarşılanıb. O, təşkilatçılara yaxınlaşaraq, çıxışlarda konkret adlar çəkməməyi istəyib.

***

AXCP sədri Əli Kərimli mitinqdə çıxış edib. O, iqtidarı seçkiləri saxtalaşdırmaqda, rüşvətxorluqda, insanları günahsız həbsə atdırmaqda ittiham edib.  

***

Əli Kərimlinin çıxışından sonra mitinqin qətnaməsini oxumaq üçün tribunaya siyasi məhbuslardan Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaublu dəvət olunub. Qətnamə oxunandan sonra mitinq bağlı elan edilib. Aksiya "Koroğlu" Üverturasının səsləndirililməsi ilə başa çatıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi