Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
Beləliklə, Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri qarşısında duruş gətirə bilməyən Qarabağdakı erməni separatçıları “ağ bayraq” qalırmaq məcburiyyətində qalıblar. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil veriləcək.
Modern.az antiterror tədbirləri və separatçıların təsil olması ilə bağlı xarici ekspertlərin fikrini öyrənib.
İrlandiyalı tarixçi, ekspert Patrik Uolş Modern.az-a açıqlamasında deyib ki, hər bir dövlətin öz ərazisində təmizləmə əməliyyatları etmə hüququ var.
"Artıq başa çatan antiterror tədbirlərini daha dəqiq demilitarizasiya əməliyyatı kimi qələmə vermək olar. 2020-ci il üçtərəfli sazişə əsasən, Rusiya sülhməramlılarından başqa bütün hərbi qüvvələrin buraxılması üçün razılıq əldə edilib. Bununla belə, Ermənistandan silah qaçaqmalçılığı və atəşkəsdən sonra da Azərbaycan ərazilərində minaların yerləşdirilməsinin davam etdiyi görünür. Son bir neçə gündə baş verən faciəli ölüm hadisələri separatçı təxribat dəstələri tərəfindən planlaşdırılan pusqu əlamətlərini göstərirdi. Bunu mülki işçilərə hücumdan sonra polisin öldürüldüyü hücumun xarakterindən də görmək olar”.
O, beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı çıxmasını da gülünc hesab edib:
“Qərb dövlətlərinin dünyanın bir çox bölgələrində bu cür geniş əməliyyatlar aparmasından sonra tənqidi yanaşması gülünc idi. 2014-cü ildə Qərb Kiyevin Donbasdakı separatçılara qarşı antiterror əməliyyatı kimi xarakterizə etdiyi iri əməliyyatı dəstəkləyib. Eyni zamanda silah da verib. Azərbaycan sadəcə olaraq öz ərazisini demilitarizasiya etdi. Bu, təkcə hər hansı dövlətin hüququ deyil, həm də vətəndaşları qarşısında borcudur.
İndi separatçı rejimin silahı yerə qoyduğu bildirilir. Rusiya sülhməramlıları təslim olmanın asanlaşdırılması rolunu yerinə yetirdilər deyə bilərik. İndi biz hadisələrin inkişafını gözləyirik. Ümid edirik ki, gələcək ictimai təhlükəsizliyi və sülh prosesinin irəliləməsini təmin etmək üçün silahların demilitarizasiyası və istismardan çıxarılmasının necə baş verəcəyi barədə məlumat veriləcək”.
Məşhur britaniyalı politoloq Neil Uatson isə deyir ki, Azərbaycan məqsədlərinə nail olub:
“Xankəndindəki qeyri-qanuni erməni qurumunun qalıqlarının cəmi bir günlük döyüşdən sonra təslim olduğunu eşidəndə sevindim və rahatladım. Tərksilah Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılaraq həyata keçiriləcək. Bu, əvvəlcədən hazırlanmış bir nəticə idi.
Azərbaycan silahı və hərbi heyəti çox üstün idi. İndi azərbaycanlılarla Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında reinteqrasiya məsələsini müzakirə etmək üçün görüşün keçirilməsi planlaşdırılır. Gözlənildiyi kimi, Azərbaycan öz məqsədlərinə nail oldu və mən Azərbaycan xalqını və onun prezidentini Qarabağ üzərində nəzarəti bərpa etməsi münasibətilə təbrik edirəm”.