Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yayımladığı videolarla başının üstünü qara buludlar alan Gülər Əhmədova, bunun nəticəsində həm deputatlıq mandatından, həm hakim partiya üzvlüyündən, həm də azadlıqdan hələ ki müəvəqqəti məhrum olunub. Məhz deputatlıq mandatı ilə bağlı Elşad Abdullayevlə bazarlıqda suçlu bilinən Gülər Əhmədova Milli Məclisdə o qədər də fəal deyildi. O, bir çox həmkarları kimi müzakirəyə çıxarılan hər bir məsələ haqda fikir bildirməzdi. Amma keçmiş deputatın özü bu gün təcridxanada olduğu dövrdə onun parlamentdəki çıxışlarına nəzər salmaq fikrimizcə, həm tarixi, həm də Gülər xanımım özünün tarixə necə deputat kimi düşəcəyi baxımından maraqlıdır.
Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bu dəfə “Milli Məclisin tarixindən” adlı rubrikamızda keçmiş deputat Gülər Əhmədovanın ötənlərdə parlamentin tribunasından etdiyi çıxışları çap etmək qərarına gəldik.
Beləliklə, Milli Məclisin 2005-ci il 2 dekabr iclasıdır. Bu, həmin il parlamentə keçirilən seçkilərdən sonra ilk yığıncaqdır. Qeyd edək ki, həmin iclasda prezident İlham Əliyev də iştirak edib.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyir:
- Möhtərəm cənab prezident, hörmətli deputatlar, xanımlar və cənablar! Müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən prezidentimiz zati-aliləri İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə keçirilən demokratik, azad, ədalətli və şəffaf parlament seçkiləri nəticəsində üçüncü çağırış Milli Məclis bu gün ilk iclasına başlayır.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni çağırış Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Murtuz Ələsgərova nəsib olub.
Hörmətli Murtuz müəllim, xahiş edirəm, iclasa başlayasınız.
İclasda deputatların çıxışına növbə çatır.
“... Cənab prezident, konkret, əməli işlər görməyə çalışacağıq”
Gülər Əhmədova:
- Təşəkkür edirəm, cənab sədr. Möhtərəm cənab prezident, hörmətli Murtuz müəllim, hörmətli xanımlar və cənablar! İcazə versəydiniz, mən öncə, cənab prezidentə Yeni Azərbaycan Partiyasından seçilmiş bütün namizədlərə mənəvi dəstək verdiyi üçün öz dərin təşəkkürümü bildirərdim. Cənab prezident, əmin ola bilərsiniz ki, biz – Yeni Azərbaycan Partiyasından seçilən hər bir deputat sizin bu gün etdiyiniz çıxışla bağlı konkret, əməli işlər görməyə çalışacağıq. Bir daha sizə mənəvi dəstəyinizə görə təşəkkür edirik və inşallah, gələcək işlərinizdə biz də sizə dəstək ola biləcəyik.
Şübhə yoxdur ki, üçüncü çağırış Milli Məclisin ilk iclasında seçəcəyimiz spiker, belə demək mümkünsə, bundan sonra düz beş il bizimlə bərabər həm işləyəcək, həm də əməkdaşlıq edəcəkdir. Mən Oqtay müəllimi keçən 5 il ərzində yaxşı tanıdığım üçün onunla bağlı bir neçə söz demək istəyirəm. Bu sözlər konkret olaraq ondan ibarətdir ki, cənab Əsədov, doğrudan da, çox ziyalı və insanlarla münasibətində çox nəzakətli bir insandır. Şübhə yoxdur ki, siyasətlə məşğul olmaq istəyən hər bir insan üçün bu, vacib keyfiyyətlərdən biridir. Aydın məsələdir ki, cənab Oqtay Əsədovun bu gün spiker kimi fəaliyyət göstərməsi gələcəkdə Azərbaycan iqtisadiyyatı və Azərbaycan qanunvericiliyi ilə bağlı görüləcək işlərə çox böyük fayda verəcəkdir. Şübhə yoxdur ki, cənab Oqtay Əsədov bu uğurlar üçün nəzərdə tutulmuş ən gözəl namizəddir.
Son olaraq bir məsələni də qeyd etmək istərdim. Bu gün Azərbaycanın beynəlxalq imici onun siyasətini aparan simalarla çox bağlıdır. Mən çox şadam ki, bu gün Azərbaycanın simalarından sayılan, Azərbaycanın atributlarından sayılan hörmətli cənab Prezidentimizdən sonra, cənab spikerimiz yeni və gənc Azərbaycanın layiqli simalarından birinə çevrilir. Cənab Oqtay Əsədovu bir daha təbrik etmək və üzümüzə gələn 5 ildə görəcəyimiz bütün işlərdə ona müvəffəqiyyət arzulamaq istərdim. Azərbaycanın dünyaya inteqrasiyası yolunda və Azərbaycanda yeni qanunvericilik aktlarının hazırlanması yolunda ən böyük işləri görməkdə ona yardımçı olaq. Bir daha cənab Oqtay Əsədovu təbrik edir və ona uğurlar arzulayıram. Sağ olun.
“...Nə əcəb zamana uyğun şəkildə yeni bir təklif verilmir?”
Milli Məclisin 3 mart 2006-cı il martın 3-də keçirilən iclasıdır.
Gülər Əhmədova:
- Təşəkkür edirəm, cənab sədr. Müzakirəyə verilmiş qanun layihəsi çox mütərəqqi bir addımdır. Mənim seçildiyim 15 saylı dairə hərbçilərin sıx yaşadığı bir ərazidir. O zaman da mən cənab prezidentə hərbçiləri narahat edən bir çox məsələlərlə bağlı müraciət ünvanlamışdım. Çox sevinirəm ki, bu gün cənab prezident hər zaman olduğu kimi, yenə də ən mühüm məsələlərlə bağlı öz mövqeyini bildirir.
Burada Müdafiə Nazirliyinin nümayəndələri iştirak etdiyi üçün mən bir məsələnin müzakirəyə ehtiyacı olduğunu vurğulamaq istərdim. Bəli, həm hərbi qulluqçularla, həm əmək haqları ilə, həm də digər məsələlərlə bağlı çox böyük irəliləyiş var. Amma bu gün zabitləri narahat eləyən və eyni zamanda, bizim atdığımız ümumi addımlara məntiqi cəhətdən uyğunlaşmayan bir məsələ də var. Mən onun adını rusca deyəcəyəm, çünki Azərbaycan dilində dəqiq hansı terminlə işləndiyini bilmirəm. “Payok” pulu deyirlər, yəni yeməyə görə zabitlərə verilən pul nəzərdə tutulur. Bu vəsait bir neçə il bundan əvvəlki həcmdə qalır. Biz bilirik ki, ərzaq mallarının qiymətləri qalxıb. Ümumiyyətlə, bundan sonra biz “Yaşayış minimumu haqqında” qanun qəbul etmişik, istehlak səbəti ilə bağlı bir çox məsələlərə yenidən baxmışıq. Amma zabitlərə bu məqsədlə verilən vəsaitin həcmi dəyişməyib.
Mən güman edirəm ki, bu nə Milli Məclisin, nə də Prezidentin İcra Aparatının günahıdır. Sadəcə olaraq, belə başa düşürəm ki, hər halda Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı təklif verilməli idi. Bu təklif bu günə kimi verilmir. Çox istərdim ki, bu məsələ ilə bağlı bir açıqlama veriləydi. Bu məsələ ilə bağlı nə əcəb zamana uyğun şəkildə yeni bir təklif verilmir? Layihəyə səs verəcəyəm. Güman edirik ki, bundan sonra da hərbçilərimizlə bağlı daha mütərəqqi məsələlərə bir daha səs vermək imkanımız olacaqdır.
“Demək istəyirəm ki...”
Yenə həmin iclasdır.
Gülər Əhmədova:
-Çalışacağam, fikirlərimi çox qısa deyim. Burada hətta “Dədə-Qorqud”a müraciət də oldu. O səbəbdən ənənəni davam etdirərək demək istəyirəm ki, Elvin Toflerin çox məşhur bir əsəri var, orada göstərilir ki, qloballaşma dövründə insanların ən çox əziyyət çəkəcəyi məsələ ətraf mühitin çirklənməsi, atom silahları deyil, məhz psixoloji durumdur və gözlənilməyən məqamlarla üzləşmədir.
Doğrudan da, biz Azərbaycanda bu günə kimi bütün ailələrə və bizim ictimai şüurumuza hakim kəsilmiş bir çox məsələləri Avropa standartları ilə əvəz eləsək, bütün millət bu şoku yaşayacaq. Mən çox böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, bu gün qapalı səhmdar cəmiyyətinə çevrilmiş Azərbaycan televiziyası yeganə məkandır ki, burada nəinki siqaret, içki, hətta bayaq dediyim kimi, hər bir azərbaycanlıda psixoloji baxımdan şok yarada biləcək bir çox məhsullar belə reklam olunmur. Bu baxımdan, Azərbaycan televiziyasının bu gün apardığı siyasəti dəstəkləmək və digər televiziyalar üçün örnək göstərmək lazımdır.
Bayaq Səməd müəllim qeyd elədi, doğrudan da, bu gün Avropanın özündə bu məsələlərə münasibət çox ciddidir. Siqaret və içkinin, ümumiyyətlə, insanların, bəşəriyyətin ziyanına olduğu artıq danılmaz bir faktdır.
“Ailədə baş verməyən heç bir şey dövlətdə baş verə bilməz”
Milli Məclisin 2006-cı il martın 10-da keçirilən iclasıdır.
“Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Gülər Əhmədova:
- Mən bir neçə məqama nəzər yetirmək istəyirəm. Hesab edirəm ki, bu qanunda həmin məqamların üzərində düşünməyimizin əsasları var. Birinci, demək istərdim ki, İslam mədəniyyətindən danışarkən o mədəniyyətin bir cinsli olmadığını nəzərə almaq lazımdır. Çünki yaşadığımız dünyada Türk İslam mədəniyyəti və Ərəb İslam mədəniyyətinin fərqlərini gözəl görə bilirik. Bunların hansına prioritet verdiyimizi aydınlaşdırmalıyıq.
İkinci deyəcəyim məqam bir də ondan ibarətdir ki, bu tipdə qanunlar bütün Avropa məkanında və ümumiyyətlə, Qərbdə, əsasən, parlamentdə çoxluq təşkil edən partiyaların sağçılıq və solçuluq meyllərində olmasından asılı olaraq qəbul olunur. Misal üçün, Skandinaviya ölkələrində, yaxşı bilirsiniz ki, qadınlarla bağlı kvotalar var və bunun əsas səbəbi ondan ibarətdir ki, onlarda solçu partiyalar hakimiyyətdədirlər. Digər Avropa ölkələrində buna tamam başqa aspektdən baxılır. Bildiyiniz kimi, bir çox digər Avropa ölkələrində həm mərkəzçi, həm də sağçı partiyaların mövqeləri var. Güman edirəm ki, biz bu məsələni mütləq gündəliyimizə gətirməliyik. Bu gün parlamentdə çoxluq təşkil edən partiyalardan hansının solçu, sağçı və yaxud mərkəzçi mövqedə olmasını mütləq araşdırmalı və bunun nə dərəcədə bizə, iqtidarın apardığı siyasətə uyğun olduğunu nəzərdən keçirməliyik.
Bu tipli qanunlarla bağlı bir şeyi də nəzərdə tutmaq lazımdır. Onların, şübhəsiz ki, çox böyük mənəvi yükü var. Bu mənəvi yükü araşdırarkən nəzərə almaq lazımdır ki, biz Avropanın getdiyi yolu, onun üstün cəhətlərini və buraxdığı səhvləri də görürük. Avropanın getdiyi yolda “feminizm”, onun ardınca, bayaq qeyd olunduğu kimi, “gender” sözlərinin özünəməxsus mənaları vardır. “Gender”ə, əslində, “sosial cins” dediyimiz üçün bu, heç də bioloji cinsə aid deyil.
Bu gün Avropanın beş ölkəsində kişilərin bir-biri ilə evlənməsinə icazə verildiyini nəzərə almalıyıq. Bilməliyik ki, bu tip qanunların üzərində yetişən yeni qanunlar məhz Avropa mədəniyyətini və Avropa mənəviyyatını formalaşdırır. Atdığımız hər hansı bir addımın sonunu fikirləşməliyik. Yadınıza gəlirsə, biz vaxtı ilə Avropa Şurasının təkidləri ilə Cinayət Məcəlləsində olan bir neçə maddəni çıxardıq. Bunun nəticəsində həm mətbuatın, həm də keçən dəfə reklam haqqında danışanda bir çox deputatın qaldırdığı belə məsələlər ortalığa çıxdı. Bu gün, doğrudan da, millətimizin mentalitetinə uyğun gəlməyən cinsi təbiət tərəfindən bir cür, amma həyatda tamam başqa cür davranış tərzlərini yaşayan insanların Azərbaycanda çox rahat olaraq artması və eyni zamanda, gənclərin bu yola sürüklənməsi prosesi çox sürətlə gedir. Bunu nəzərdən qaçırmaq olmaz.
Sonda 8 Mart münasibətilə cənab prezident İlham Əliyevin təbrikini yada salmaq istəyirəm. Cənab prezident ilk dəfə idi ki, Azərbaycan qadınlarını təbrik edərkən bir məsələyə çox ciddi toxunmuşdur. Bu məsələdə əsas fikir ondan ibarət idi ki, o, Azərbaycan qadınlarına yaxşı övlad yetişdirmək arzusunu və niyyətini bəyan eləmişdir. Bəlkə kim isə bunu, əslində, daha çox patriarxal, daha çox dünənki gün ilə bağlamaq istəyəcəkdir. Mən hesab edirəm ki, əslində, bu, irəliyə atılmış və Azərbaycan ailəsinin gələcəyini təmin eləyən bir arzu və niyyətdir.
Sözün əsl mənasında bu gün Azərbaycan kişilərinin iş və bir çox digər sosial hüquqlarının müdafiəsinə böyük ehtiyacları var. Doğrudan da, bu gün Azərbaycan qadınlarının övladlarını əsl vətəndaş kimi tərbiyə edə bilmək arzusu və niyyəti yüksək səviyyədə icra olunmalıdır. Əgər kim isə hesab edir ki, ailə ilə dövlətdə baş verən hadisələri ayırmaq lazımdır, mən klassiklərimizin hər birimiz üçün çox real olan bir fikrini yada salmaq istəyirəm: ailə dövlətin özəyidir. Ailədə baş verməyən heç bir şey dövlətdə baş verə bilməz. Hər kəsin ailədə görüb götürdüyü nə varsa, onu ictimai həyata gətirir.
Ardı var